Möcüzəvi "Xarı Bülbül"


 Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır.


 Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nigah diplomatiyası" deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül"ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.


 Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca ophrys caucasica və ya ophrys mammosa adlanır.


 "Xarı Bülbül" təbiətə verdiyi gözəlliyi ilə yanaşı müalicə əhəmiyyətli bitkidir. "Xarı bülbül"dən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.


 Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə-yeksan edərmiş. Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

_ Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?


Gül inamla cavab verdi:

_ Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz. Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü...


 Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı...


 Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır. Gül Xarı bülbül görkəmində güllər açır. Həmin Xarı bülbül gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.


 AzEns.AZ

Tweet 350