Müxtəlif ölkələrdə hərbi xidmət müddəti


 Məcburi hərbi xidmət hər zaman hər bir kişinin müqəddəs borcu hesab edilib. Qədim Roma döyüşçüləri 25 il qulluq edirdilər, Çar Rusiyasında da həmçinin. Bəzi məlumatlara əsasən, Çingiz xanın əsgərləri 53 il hərbi qulluqda olmalı idilər.

 


 Avropada hərbi çağırış

 Peşəkar orduya keçid ənənəsi praktiki olaraq, bütün qitələrdə müşahidə olunmaqdadır. Son 10 ildə bir çox ölkələrdə, əsasən də, Avropa ölkələrində gənclərin hərbi qulluğa çağırışından imtina edilmiş, ordunun yalnız müqavilə prinsipi əsasında komplektləşdirilməsinə keçilmişdir.

 Məsələn: 2005-ci ildən İtaliyada məcburi hərbi xidmətdən imtina edilmişdir. 2006-ci ildə isə Slovakiya, Makedoniya, Rumıniya, 2007-ci ildə Latviya və Bolqarıstan, 2008-ci ildə Xorvatiya, 2010-cu ildə Polşa, Albaniya, İsveç, 2011-ci ildə Serbiya və Almaniya məcburi hərbi xidmətdən imtina etmişdir. Son illər Gürcüstan da artıq məcburi hərbi mükəlləfiyyətdən imtina etməyə qərar vermişdir.

 Yunanıstanda məcburi hərbi xidmətə yaşı 19-dan 45-dək olan kişiləri çağırılır. 17 yaşlı gənclər və qadınlar ancaq könüllülük əsasında hərbi xidmətdə ola bilərlər. Hərbi qulluğun müddəti əvvəllər 1 il, sonra azaldılaraq 9 aya salınmışdır. İndi isə hərbi xidmətin müddətinin 6 aya qədər azaldılması nəzərdə tutulub.

 Litvada çox maraqlı bir situasiya müşahidə olunmaqdadır. 2008-ci ildə Baltikyanı ölkələr hərbi çağırışdan bütünlükdə imtina etmişlər. Bunu da onunla izah edirdilər ki, “hərbidə yalnız peşəkar hərbiçilər xidmət etməlidir”. İndi isə Vilnüs təzədən məcburi hərbi mükəlləfiyyətin qaytarılmasını və ordunun müqavilə əsasında qarışıq - çağırışçı və peşəkar hərbçilərdən yığılmasını nəzərdə tutur. Hərbi qulluğun müddəti isə 9 ay müəyyənləşdirilmişdir. 

 

 ABŞ-da ordu peşəkarlardan ibarətdir. Amma 18 yaşından 25 yaşınadək kişi cinsindən olan ölkə sakinlərinin (vətəndaş olsa da, olmasa da) hərbi qeydiyyatda (Selektive Servise Sistem) olması məcburidir. 

 Ümumilikdə, ölkələrin əksəriyyəti məcburi hərbi mükəlləfiyyətdən imtina etmiş və hərbini yalnız könüllülük əsasında qurmuşlar. Həmin ölkələrdə hərbi qulluğun müddəti gələcək hərbçilərin bağladığı müqavilənin müddətindən asılı olur. Həmin ölkələr bunlardır: ABŞ, Avstraliya, Banqladeş, Baham adaları, Bəhreyn, Beliz, Botsvana, Bruney, Barbados, Belçika, B.Britaniya, Qabon, Qayana, Qambiya, Qana, Konqo Demokratik Respublikası, Cibuti, Dominikan Respublikası, Hindistan, İordaniya, İrlandiya, Kamerun, Kanada, Qətər,Keniya, Lüksemburq, Malayziya, Mozambik, Nepal, Nigeriya, Niderland, Nikaraqua, Yeni Zelandiya, Pakistan, Papua- yeni Qvineya, Ruanda, Səudiyyə Ərəbistanı, Fransa, Şri-Lanka və s.

 

 Bəs qonşu ölkələrdə necədir?

 Mərkəzi Asiya ölkələrinin əksəriyyətində müddətli hərbi xidmət mövcuddur. Özbəkistanda hərbi xidmətin 4 növü var: çağırışçılardan ibarət 12 aylıq - müddətli hərbi xidmət, ehtiyatda olan çağırışçıların mobilizasiyası – 1 ay müddətinə;  müqavilə əsasında hərbi qulluq və Özbəkistan HX ehtiyatlarında qulluq.

 Qırğızıstanda 2006-ci ildən müddətli hərbi xidmətin müddəti 18 aydan 12 aya endirilmişdir. Vətəndaşlara alternativ qulluq etmək imkanı da verilir.

 Türkmənistan və Tacikistanda hərbi xidmətin müddəti 2 ildir. 

 Qazaxıstan və Monqolustanda kişilər 18 yaşından 25 yaşınadək 1 il müddətinə hərbi xidmətə çağırılırlar. Tələbələrə, gənclərə və çox uşaqlı atalara möhlət hüququ verilir.


 Qeyri-adi hərbi çağırış

  İsveçrədə hərbi qulluq mərhələlərə bölünür. Birinci mərhələ – fundamental hazırlıqdan başlayır ki, bu da  -  49 günlük rekrutlar  məktəbidir. Sonra ildə 21 gün müddətinə hərbi toplantı olur və bu cür toplantı o vaxtacan davam edir ki, hərbi qulluqçunun 260 günü tamam olsun. Çağırışçının 260 günü tamam oldu, o, artıq hərbi qulluğunu başa vurmuş hesab olunur. Çağırışçılar hərbi qulluğu başa çatanacan hərbi formasını və silahını evdə saxlayırlar. Hərbi qulluğunu başa vuran formasını və silahını mütləq təhfil verməlidir.

 İsrail ordusu dünyanın digər ordularından fərqlənir. Bu ölkə məcburi hərbi xidmət bazası əsasında ordu peşəkarlarından təşkil olunmuşdur. Oğlanlar 3 il müddətinə, qızlar isə 2 il müddətinə hərbi xidmətdə olmalıdırlar.    

 Azərbaycanda müddətli hərbi çağırışın müddəti 18 (1,5 il) ay, ali təhsillilər üçün 12 aydır (1 il müddətinə). Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.


 AzEns.AZ

Tweet 121