Naməlum bakılı: Panteleymon Juze


 Vaxtilə Bakıda “Qızıl Professura” Evində çoxlu sayda maraqlı insanlar və alimlər yaşayıb yaratmışdır. Onların əksəriyyəti dünya çapında tanınmış məşhur insanlar olmuşdur. Onlardan biri də - Panteleymon Krestoviç Juze olmuşdur. Amma təəssüflər olsun ki, cavan nəsil xristian Şərqinin məşhur tarixçisi, dinşünası, müsəlman qanunları tədqiqatçısı olmuş bu şəxsi elə də yaxşı tanımır. 


 Panteleymon Juze (Bəndəli ibn Salıb əl-Cauzi) iyul ayının 20-də 1870-ci ildə Qüdsdə dünyaya gəlmişdir. Əslən Suriya ərəbi olmuşdur. Müqəddəs Torpaqda Fələstin Cəmiyyətini yanında Nəzarət gimnaziyasını bitirmiş, bundan sonrakı həyatının çox hissəsi Rusiya və daha sonra Bakı ilə bağlı olmuşdur.


 1889-cu ildə Juze (Vifan monastrında) Vifan Dini Seminariyasına daxil olur. Amma 1892-ci ildə Juze seminariyanı öz istəyi ilə tərk edir. Elə həmin ildə də o, Moskva Dini Akademiyasına daxil olur. 3 kurs oxuduqdan sonra o, başa düşür ki, müsəlmanlığın yaranması və inkişafına dair tarixin daha ətraflı öyrənilməsi üçün təhsilini Kazan Dini Akademiyasında davam etdirməsi daha münasib olar. Beləliklə o, təhsilini davam etdirmək üçün KDA-ya (Kazan Dini Akademiyası) köçürülür. O, orada islamşünas və şərqşünas bir alim kimi formalaşaraq, həmin şərqşünaslıq məktəbinin ən parlaq nümayəndələrindən biri olur. 20 il Kazanda yaşayan alim “Yaxın Şərqdə xristianlıq problemləri” adlı elmi işi üzərində işləyir.


 Panteleymon Juze fransız, alman, ingilis, yunan dillərilə yanaşı,  tatar, türk və ərəb dillərini də mükəmməl bilirdi. 

 Juze 1912-1914-cü illərdə Kazanda (1898 və 1907-ci illərdə yazdığı) “Yaxın Şərqdə xristianlıq problemləri”nə aid elmi işlərinin iki fraqmentini fransızcadan tərcümə edir. Bu elmi işlər çox ciddi tarixi mənbələrə əsaslanaraq yazılmışdır. 1913-cu ildə o, Kazan Dini Akademiyasının fransız dili üzrə ştatlı müəllimi təyin olunur.  


 Oktyabr çevrilişindən (1917-ci il) sonra Juzenin həyatı və elmi yaradıcıllığı Azərbaycanla bağlı olmuşdur. O, Azərbaycana Bakıda universitetin təsis edilməsi üçün dəvət olunmuşdu. 1920-ci ildə o, ailəsilə bərabər (alimin ailəsi 7 uşaqdan ibarət idi (bir qızı Nina isə körpə ikən vəfat etmişdi)) Bakıya gəlir və burada karyerasında və elmi fəaliyyətində böyük uğurlar qazanır. 


 1921-ci ildə alim ərəb dili üzrə doktorluq dərəcəsi alır. 1922-1926-cı illərdə o, Azərbaycan Dövlət Universitetində Şərq fakultəsinin dekanı, Yaxın Şərq xalqlarının etnoqrafiyası və tarixi kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1937-ci ilədək Juze ADU-nin ərəb dili və ədəbiyyatı kafedrasının professoru olmuşdur. Onun təşəbbüsü nəticəsində ADU-nin Şərq şöbəsində 2 şöbədən ibarət Şərq fakültəsi yaradılmışdır ki, bu fakültədə tarix və dilçilik tədris olunurdu.


 Panteleymon Juze Bakıda 20 ildən çox yaşamışdır və ömrünü burada başa vurmuşdur. Maddi çətinliklərə baxmayaraq, (ərzaq və pul çatışmazlığı) alim Bakıda çoxlu dostlar əldə etmiş və ömrünün sonunadək onlarla sıx əlaqədə olub. O, 19 yanvar 1942-ci ildə vəfat etmişdir.


 AzEns.AZ
Tweet 355