Novruz Bayramının ilk təşkilatçısı - Şıxəli Qurbanov


 Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub. Ədəbiyyatşünas-alim, dramaturq, şair, yazıçı, dövlət və ictimai xadim olub.


 A.S.Puşkinin Azərbaycan poeziyasına təsirinin tədqiqatçısı, XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələlərinə dair monoqrafiyanın, onlarla məqalənin, publisistik əsərlərin, povest, şeir və poemaların müəllifidir. Və bütün bunlarla yanaşı, Şıxəli Qurbanov uzun illər Azərbaycan KP MK-da rəhbər vəzifədə çalışıb.


 Ş.Qurbanov Novruz Bayramı ilə bağlı hazırlıqlarını ailəsindən gizlin edirdi. O dövrlərdə belə bir addım atmaq çətin olduğu üçün Şıxəli ailəsinin həyəcanlanmağına lüzum görmürdü. Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq oldu. Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi. 


 Həyat yoldaşı Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. «O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil». Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. «Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb».


 Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Daha sonra aydın olur ki, sianid turşusu vurublar.


 Ş.Qurbanov Vətən müharibəsindəki xidmətlərinə görə o,”İgidliyə görə”, “Almaniya üzərində 1941-1945-ci illərdə qələbə” medalları ilə təltif edilmişdir.Tərcümeyi-halından aydın olur ki, o, ehtiyyatda olan kapitan rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə Bakı istehsalat kombinatında kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. 1947-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər komitəsinin təlimatçısı göndərilir.Elə bu andan o, daima odlu-sınanmış axtarış adamları arasında olur.


 1953-cü ildə Şıxəli Qurbanov Azərbaycan KP Şəhər Rayon Partiya komitəsinin katibi,1945-55-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,1955-57-ci illərdə Bakı Voroşilov (indiki Səbael) Rayon Partiya komitəsinin I katibi, 1955-59-cu illər Bakı Zəhmətkeşlər Deputatları Sovetinin deputatı,1957-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü,1957-61-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri,elə həmin illərdə Azərbaycan KP MK-nın üzvü,1958-63-cü illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilir.1966-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında Şıxəli Qurbanov Azərbaycan KP MK üzvü,birinci pleniumda isə Azərbaycan KP MK bürosunun üzvü və katibi seçilir.O, bu vəzifədə həyatının sonuna kimi zəhmətsevərliklə çalışmışdır.


 AzEns.AZ


Tweet 221