“Qarabağ atı Gülgün” - bir eksponatın tarixi


 Sənət əsərləri bədii-estetik dəyər daşımaqla yanaşı, tarixi bir abidə kimi də böyük məna daşıyır. Bu baxımdan tanınmış rus heykəltaraşı Feliks Xodoroviçin (1840-1913) yaratdığı “Qarabağ atı Gülgün” eksponatının da çox maraqlı bir tarixi vardır.


 Azərbaycan İncəsənət Muzeyinə “Qarabağ atı Gülgün” heykəli 1973-cü ildə vətəndaş Leyla Xasay qızı Uçmiyeva hədiyyə etmişdir. L.Uçmiyevanın dediklərinə görə, onun babası XIX əsrin məşhur Azərbaycan şairəsi və dövlət xadimi Xurşudbanu Natəvanın birinci əri olmuş knyaz Həsən Uçmiyevdən olan böyük oğlu Mehti Qulu xan Uçmiyev olub. Natəvan bu oğluna atası Mehti Qulu xanın adını qoymuşdu. Mehti Qulu xan yüksək hərbi zabit olmasına baxmayaraq, polkovnik rütbəsində çox tez istefaya getmiş, ömrünün qalan hissəsini bütünlüklə elmə ədəbiyyata həsr etmişdir. Onun yazdığı lirik şeirlərin ədəbiyyatda xüsusi yeri olub.


 Mehti Qulu xan Uçmiyev ov etməyin və at çapmağın böyük həvəskarı idi. Onun çox sevdiyi yaraşıqlı, çox gözəl və sürətli bir atı varmış. O, atının adını Gülgün qoymuşdu. Bir dəfə meşədə ov zamanı Gülgün həddidən artıq çox sürətlə qaçarkən, toz-dumandan görünməyən ağaca çırpılaraq ölür. Bu hadisə Mehti Qulu xanı çox kədərləndirir və heykəltaraş F.Xodoroviçə sifarış verir ki, onun sevimli atına bir heykəl hazırlasın.


 Knyaz Xasay Uçmiyev o zamanların məşhur Azərbaycan şair və yazıçıları olan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundovla yaxından dostluq edərmiş. Hətta o, məşhur fransız yazıçısı A.Düma ilə də görüşmüşdü. Dümanın Qafqaza səfər edərkən Bakı və Şuşada Xasay Uçmiyevlə görüşü olmuşdu.


 Knyaz Xasay Uçmiyev 1860-cı illərin əvvəllərində Natəvanla boşanırlar. O, ikinci dəfə evlənir və çox keçmir ki, vəfat edir. Onun oğlu Mehti Qulu xan və qızı Xanbikə Natəvanla qalırlar. 1861-ci ildə şairə Natəvan xanım Şuşaya qayıdır və o zamanlar çox məşhur olmuş şair Seyid Hüseynə ərə gedir. Bu xoşbəxt nigahdan onun 5 övladı dünyaya gəlir.


 O zamanlar Qarabağ atları Qafqazda olan hərbiçilər və məmurlar arasında çox məşhur idi. Hətta rus şairi A.S.Puşkin 1829-cu ildə Ərzuruma səyahət edərkən, özünün yol qeydlərində belə yazmışdır: “hara baxsan görürdün ki, bütünlüklə, rus məmurları və zabitləri Qarabağ atlarında gəzirlər.” 


 1843-cü ilin may ayının 21-də  Yelizavetpol (Gəncə) Quberniyasının Şuşa şəhərinin xüsusi gerbi təsdiqlənir və həmin gerbin üzərində Qarabağ atı təsvir olunur. Qarabağ atlarının təsvirlərinə XIX əsrin rus rəssamlarının çəkdikləri rəsmlərdə də rast gəlinir. Qarabağ cinsli minik atları XIX əsrin sonları, hətta XX əsrin əvvəllərinədək Qafqazın fəxri hesab edilirdi.


  AzEns.AZ

Tweet 167