Qaraqoyunlu və Ağqoyunlu - sözlərinin kökü hardan gəlir?


 Artıq uzun zamandır ki, bu mövzuya toxunmaq istəyirdim. Belə ki, hələ Sovet dövrlərində bu iki tarixi dövlətin (Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin) adını rus dilinə tərcümə etməyə çalışmışlar. 

 İlk öncə qeyd edim ki, “qara” sözü rus dilinə rəng olaraq tərcümə edilməsinə baxmayaraq, əslində “böyük” mənasını xarakterizə edir. O dövrlər “qoyun” sözünü də rus dilinə “baran” sözü kimi tərcümə etmək istəmişlər, amma bu sözün mənası heç də belə deyil.


 Ağqoyunlu sülələsini idarə edən Bayandur tayfasının ləqəbi qədim türk dilindən tərcümədə - “boran, baran, tufan” mənasını daşıyırdı. Bu da səhvən “baran” kimi tərcümə olunurdu. Yalnış tərcümə ilə “Çernıye Baranı”, Belıye Baranı” kimi dövlət adları ortaya çıxmışdı. Hər iki dövlətin adı tərcümə edilməməli, hər bir dildə Ağqoyunlu və qaraqoyunlu olaraq qeyd edilməlidir. 


 Əvvəllər Qaraqoyunlu dövlətinin rəsmi adı Yıvayi (Baharlı), Ağqoyunlu dövlətinin isə rəsmi adı Dövləti Bayanduriya olmuşdur. Gördüyünüz kimi bu dövlətlərin nə rəsmi adında Qoyunlu sözü, nə də ki, bayraqlarında qoyun təsviri olmuşdur.


 Qaraqoyunlular nəsli Baharlı tayfasının oğuz qolu olan Yıva nəslindən törəyənlər olublar. Ağqoyunlular isə Anadolu və Qərbi İran ərazilərini (Səfəvilərin istilasına qədər, 1501-1503-cü illər) idarə edən Bayandur tayfasının başçılığı ilə birləşmiş oğuz tayfalarından ibarət bir dövlət olmuşdur. 


 “Qoyun” və ya “qoyon” qədim bir titul olmuşdur ki, bu titul dövlət başçılarının “sağ əli” olan ən yaxın məsləhətçilərinə verilərmiş. O zamanlar “noyon” titulu dövlət başçısı və hərbi aristokratiyaya verilirdisə, “qoyon” titulu onlardan sonra ən yüksək və mötəbər bir titul hesab edilirdi.


 Çox az adam bilir ki, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin əsasını Cəlair tayfasının əfsanəvi Muhali-qoyon (Muhuri) tərəfindən qoyulmuşdur. Muhali (1170-1223) məşhur sərkərdə, həm də Çingizxanın ən yaxın məslətdaşlarından idi. Qeyd edək ki, Muhaliyə “qoyon” titulunu məhz Çingizxanın özü vermişdir və bu titula sahib olan kəs Çingizxan İmperiyasının hər bir yerində Xanın bütün əmrlərini icra etmək səlahiyyətinə malik idi. 


  Oğuz, uyğur və qarakitay (hitay, katay) adlanan türk tayfalarında “qoyon” sözü “hörmətli”, “böyük” mənasını daşıyırdı. Bu baxımdan da, Qaraqoyunlu (Yıvayi/ Baharlı) və Ağqoyunlu (Bayandur) sözlərini rus dilinə çevirəndə “Çernıye baranı” və ya “Belıye baranı” deyil, əslində qara sözü “Böyük, möhtəşəm”, ağ sözü “hörmətli, izzətli”, qoyonlar sözü isə “rəhbərlər, idarəedənlər” sözü kimi tərcümə olunmalıdır. 


 Türk dünyasında Qoyon titulu dövlətin və dövlət başçısının ən yüksək aristokratiya statusu hesab edilirdi.


  AzEns.AZ/ Jalə Orucova


Tweet 128