Robinzon Kruzo kim olmuşdur ?


Daniel Defonun məşhur ədəbi personajı olan Robinzonun həyatda real prototipi olmuşdur.

Bu adam şotlandiyalı dənizçi Aleksandr Selkirk olmuşdur. O, 19 yaşında ikən öz doğma şəhəri Larqonu birdəfəlik tərk edərək dənizçilik etməyə başlayır.


1703-cü ildə Sakit okeanda Cənubi Amerika sahillərinə yürüşlər edən pirat (silahlı dəniz qulduru) Dampirin “Cinque Ports” freqatında (silahlarla təchiz olunmuş gəmi) dəniz səfərlərinə çıxan Selkirk öz zəkası və dəqiq elmlərə həvəsi ilə az bir müddətdə yoldaşları arasında böyük hörmət qazanır. Belə olan halda, Braziliya sahillərinə çatarkən dünyasını dəyişən gəmi kapitanını onun köməkçisi Tomas Stradlinq əvəz edərkən, düşünmədən belə Selkirki özünə köməkçi götürür.


Kapitan köməkçisi Selkirk təyin olunandan sonra quldurluq əməliyyatlarında komandası ardıcıl uğursuzluqlara uğrayır. Kapitan Stradlinq gəmi sahibi olan Dampir və gəmi heyətinin əksəriyyəti bu uğursuzluqlara görə Selkirki suçlayırdılar. 


Gəmi Çilinin qərb sahillərində yerləşən Xuan-Fernandes adalarına yan alarkən  yenidən Selkirklə Stradlinq və Dampir arasında münaqişə yaranır. Onların arasındakı münaqişə o həddə çatmışdı ki, bir-birlərinə düşmən gözü ilə baxırdılar.


Bir dəfə gəmi Mas-a-Tyerra adası sahilində lövbər salarkən, Selkirklə Stradlinq arasında çox ciddi qarşıdurma yaranır. Belə olan halda, Selkirk gəmiyə qayıtmır və adada qalmaq qərarına gəlir. O, bir az barıt, güllə, balta, bıçaq, naviqasiya alətləri və bir az da azuqə götürür və adada qalır, tənha həyat yaşamağa başlayır. Selkirk adaya ingilis və fransız gəmiləri çox tez-tez yan aldığını düşünərək belə bir qərar verir.


Amma bu dəfə heç də o fikirləşdiyi kimi olmur, uzun müddət adaya heç bir gəmi yan almadı. İş belə gətirən halda, Selkirk özünə koma düzəldir, ov edir və adada yeməli mevvələr axtarır. Vəhşi keçini südündən istifadə etmək üçün əhliləşdirməyə başlayır. Hətta özünə keçi dərisindən paltar, təqvim, kəndir və başqa lazım olan şeylər düzəldir və ibtidai bir həyat tərzi keçirir.


Uzun bir müddət keçəndən sonra sahilə yan alan  bir gəmi görür və biləndəki bu gəmi İspan gəmisidir, gizlənmək məcburiyyətində qalır. Çünki, o zamanlar İspaniya ilə İngiltərə arasında düşmənçilik münasibətləri hökm sürürdü. Bu səbəbdən Selkirk qaçıb gizlənməyə üstünlük verir.


Yalnız 4 ildən sonra bu adaya Vuds Rocerə məxsus iki ingilis ekspedisiya gəmisi yaxınlaşır. Saqqalı-saçı həddən artıq uzanmış və keçi dərisinə burunmuş, hətta az qalsın ki, nitqini itirmiş Selkirki gəmilərin birinə götürürlər. Bir neçə müddət keçdikdən sonra onun nitqi özünə qayıdır.


Selkirk başına gələnləri Rocerə nağıl edir və Rocer bu haqda sonra məşhur jurnallardan birinə müsahibə verir. Jurnalda dərc olunan bu əhvalat ingilis yazıçısı Daniel Defonun yazacağı məşhur məcara romanı üçün mövzu olur. Bu əhvalat üzərində D. Defo özünün məşhur “Robinzon Kruzo” romanını yazır.


Hal – hazırda həmin ada “Robinzon Kruzo” adını daşıyır.


AzEns.AZ


Tweet 327