Sahili olmayan dəniz - Sarqas dənizi


  Sarqas dənizi planetimizdə olan dənizlərin heç birinə bənzəmir. Ona görə ki, digər bütün dənizlərin sahilləri kontinentlərlə bitir, amma Sarqas dənizinin quru sahili yoxdur. Bu dənizin sahili şimaldan – Şimali Atlantik, cənubdan – Şimal Passat, qərbdən – Qolfstrim, şərqdən Kanar atlantik axınları suları ilə əhatə olunmuşdur. 


  Uzun illər ərzində Sarqas dənizi ətrafında bir çox sirrlər söylənilmişdir. Söylənilən bu sirlər daha çox onun qeyri-adiliyindən irəli gəlir. Belə söyləyirdilər ki, guya Sarqas dənizinin suyu durğundur - axmır və bu durğun su qalın su yosunları ilə örtülmüşdür. Əslində isə heç də belə deyil. Sarqas dənizi daima hərəkətdə olan bir dənizdir, çünki onu hər tərəfdən müxtəlif axınlar hərəkətə gətirir və dəniz saat əqrəbi istiqamətində fırlanır. Sarqas dənizinin bir qeyri-adiliyi ondadır ki, bu dənizin quru sahili yoxdur. Digər bir qeyri-adiliyi isə bu dəniz yeganə dənizdir ki, dayanmadan saat əqrəbi istiqamətində fırlanır. 


  Dünyanın fiziki xəritəsinə nəzər salsaq görərik ki, Atlantik okeanının Şimali Amerika materiki yaxınlığında 20 və 40 dərəcə şimal enliyində olan hissəsi iri oval şəklində açıq-yaşıl rənglə göstərilmişdir. Bax, elə həmin o ərazi təbiətin bir möcüzəsi olan Sarqas dənizidir. Dənizin sahəsi 8 mln. kv. km- dən 4 mln. kv. km. arasında dəyişir. Bu dənizin daha bir qeyri-adiliyi isə onun ərazisi gah genişlənməsi, gah da daralmasıdır.


  Sarqas dənizi 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf olunmuşdur. Kolumb bu dənizi kəşf edərkən ona “su yosunu bankası (şüşə qab)” adı vermişdi. Maraqlı olan odur ki, o böyüklükdə olan dənizi basıb-bürüyən yosunlar bircə növdən ibarətdir. 

  Kolumbdan sonra Portuqaliya dənizçiləri həmin dənizə “sarqasso” adı verirlər. Dəniz səyyahları yosunları suyun üzərində saxlayan su qabarcıqları Portuqaliyada ən çox yayılmış üzüm növünü xatırlatdığından bu adı dənizə vermişdilər.


  Sarqas dənizi Bermud və Küləktutat adaları arasında yerləşir. Dənizin ən dərin yeri 7km-dir. Sarqas dənizi planetimizdə yeganə dənizdir ki, Atlantik okeanının içində yerləşir və bu səbəbdən də sahilsizdir. Bu dənizin sahilləri nə çimərliklərdən, nə də qayalıq riflərdən ibarətdir. Dənizin sahilləri okean sularıdır. 

  Sarqas dənizinin suyu çox duzlu olmasına baxmayaraq, çox şəffafdır və təmizdir. Hətta 60 mert qədər dərinlik aydın görsənir.


  Bu dənizdə bu qədər yosun haradandır? Sonralar belə bir versiya ortaya çıxdı ki, buraya yosunları Kuba, Antil, Baham adaları sahillərindən və Meksika körfəzindən su burulğanları gətirir. Həqiqət isə belə deyilmiş. Sən demə dənizdəki yosunlar bu dənizdə yaranır, bu dənizdə yaşayır və bu dənizdə də məhv olurmuş. Yosunlar məhv olan zaman üzərində dayandıqları su qabarcıqları da partlayır və beləliklə, məhv olmuş yosunlar dənizin dibinə batırlar. 

  Bundan əlavə, Sarqas dənizi dünyanın ən böyük dənizidir.


 AzEns.AZ

Tweet 355