Uzundərə - Azərbaycan Xalq Rəqsi


 Qarabağ. Bu sözü eşidəndə sanki insan donur, hər bir şey insanın gözü qarşısında canlanır. Təbiət, yağışın qoxusu, sərin meh və bir də bulaq səsi…. Hər torpağında min sərvət, hər daşında bir tarix, hər dərəsində bir əfsanə yatır Qarabağın. Elə məhz Qarabağın səfalı güşələrindən olan Ağdamla Göytəpə arasında bir dərə mövcuddur ki, adına “Uzundərə” deyirlər. Uzundərənin sakinləri olmuş tərəkəmələrin rəvayətinə görə, uzundərə rəqsi məhz bu dərəyə həsr olunmuşdur.


 Digər rəvayətə görə isə, gəlin apararkən yol dərənin içindən keçidiyinə görə uzun olduğundan toya gələnlər vaxtlarını boş keçirməmək məqsədilə burda əylənib, rəqs edərdilər. Əsasən oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. Elə o vaxtdan etibarən bu gün məşhur olan “uzundərə” oyun havası yaranır.


 Ənənəyə görə, əvvəllər “Uzundərə” rəqsini “nişanlanma” mərasimlərində ifa edərdilər. Belə ki, nişan günü hər iki tərəfdən olan qohumlar gəlin üçün hazırladıqları hədiyyələri, sovqatları götürərək bəy evinə gedər və süfrə arxasında oturardılar. Süfrə arxasından qalxdıqdan sonra durub hamılıqla gəlinin atası evinə gedər və ata evində “Uzundərə” rəqsini ifa edərdilər. Adətə görə, rəqsin ifasından sonra bəy gəlini ata evindən götürüb öz evinə gətirməli idi.


Uzundərə - Azərbaycanın ənənəvi qadın rəqsləri arasında ən çox sevilən gəlin rəqslərindəndir ki, rəqsi həm tək, həm də qrup halında ifa eləmək olur. Bu rəqsin ifasında olan qu-quşu göldə üzər kimi, incə, axarlı hərəkətlər də rəqsi ifa edən qızların incə və gözəlliyindən xəbər verir.


 Olduqca zərif musiqiyə və xoreoqrafik kompozisiyaya malik olan bu rəqs üçün süzmə, sındırma və digər maraqlı hərəkətlər xarakterikdir. Qədimdə demək olar ki, bu rəqsi yalnız qadınlar ifa edərdilər, bəzi bölgələrdə isə yalnız kişilər oynayardı. Amma zaman keçdikcə “Uzundərə” rəqsi öz ənənəviliyini itirmiş və Azərbaycanın gözəl, zərif bir qadın rəqsi kimi ifa edilmişdir.


 Kökü tarixi Qarabağa söykənən Uzundərə rəqsinin musiqisinə bir çox dahi incəsənət xadimləri müraciət edib. Beləki məşhur bəstəkar Üzeyir Hacıbəyov bu musiqidən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edib. Bu rəqsin musiqisi - melizmatika (trel-cəh,cəh... qruppetto və s.) və incə axarlılıq bolluğu ilə xarakterikdir.


 Azərbaycan rəqsləri digər Qafqaz xalqlarının rəqslərindən fərqlənir. Belə ki, Azərbaycan rəqslərində kişi xoreoqrafiyası qadın xoreoqrafiyasından fərqlidir. Bu fərq ümumilikdə, təkcə rəqs ifasının xarakterində deyil, rəqsdə kişi və qadın partiyalarının ifasında da açıq-aşkar görünür.


 AzEns.AZ


Tweet 731