Üzeyir Hacıbəyov - Milli Musiqi Günü


 Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var.


 Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.


 Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur.  


 Dahi bəstəkar Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur.


 Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaratmışdır.Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.


 Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.


 1908-ci ildə tamaşaya qoyulmuş Leyli və Məcnun Milli Musiqi mədəniyyəti tarixində yeni bir dovr açdı. Muğamla Avropa operasının vəhdəti nəticəsində ilk milli operamız yarandı,Şərqdə opera janrının əsası qoyuldu. Problemlərlə üzləşən operanın yaranmasında əsas Leyli rolunun ifaçısını seçmək idi. Qadın aktyorları səhnədə problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu Operaya gətirərək Leyli rolunu ona verir.


 İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir. Sonralar Əhməd Ağdamski,Hüseynağa Hacıbababəyov nəhayət qadın ifaçılardan səhnəyə Sona Hacıyeva Məhbubə Paşayeva, Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarova olmuşdur. Bəstəkar Müslüm Maqomayevin bacanağı, Niyazinin əmisi idi. Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın xalası oğlu, Əfrasiyab Bədəlbəylinin atasının xalası oğlu idi. Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.


 AZENS.AZ

Tweet 1128