Zeynalabdinin "Qızıl Badam"ı


 Siz zərgər Zeynalabdinin məhəbbət simvolu hesab edilən “qızıl badam” əhvalatı haqqında eşitmisiniz? 

 XX əsrin əvvəllərində Zeynalabdin Bakı şəhərinin ən məşhur zərgərlərindən idi. Onun zərgərlik emalatxanası Bakının Zərgərpalan küçəsində yerləşirdi və buraya tez-tez neft milyonçularının arvadları təşrif buyurardı. Deyilənə görə, zərgərlik və qiymətli daşlarla bağı məsələlərdə Musa Nağıyev ancaq zərgər Zeynalabdinə müraciət edərmiş. Hətta Musa Nağıyev Zeynalabdinə öz malikanəsində mənzil və emalatxana ayıraraq, onun şəxsi zərgəri olmasını istəyirmiş. Amma Zeynalabdin insanlarla ünsiyyəti çox sevirdi, əsasən də avropalı xanımlar onun emalatxanasına gələndə, onların xarici dildə danışmağından xoşlanar, onların geyimlərinə və zinət əşyalarına diqqət yetirər, sonra yeni model sırğa və üzüklər düzəldərdi.  


 Zeynalabdin ünsiyyətsevər bir insan olduğundan o zamanlar tanınmış milyonçu Musa Nağıyevin şəxsi zərgəri olması təklifinə qəti etirazını bildirmişdi. 


 Zərgər Zeynalabdinin Tuğra adında çox gözəl bir həyat yoldaşı vardı. Zeynalabdin onu çox sevirdi və onlar xoşbəxt bir ailə həyatı yaşayırdılar. Günlərin bir günü Tuğra ağır bir xəstəliyə düçar olur. Tuğranı müalicə etdirmək üçün Zeynalabdin o zamankı ən məşhur həkimlərə müraciət edir və həkimlərin hamısı Tuğranı müayinə etdikdən sonra gözlərini aşağı dikərək Zeynalabdinə ürək açan bir söz demirdilər. Zeynalabdin Tuğranın bu halından dərdlənib kədərlənir və çox istirablar çəkirdi. Yoldaşının bu halını hiss edən Tuğra bir dəfə ərini yanına çağırıb deyir: “sən yaxşı bilirsən, mən badamı necə sevirəm. Səninlə birgə, dəniz kənarındakı bağ evimizdə də ilk övladımız dünyaya gələndə bir badam ağacı əkdik. Həmin ağac yazda yenə çiçək açacaq. Qəm eləmə, badam çiçək açıb meyvə verənədək mən yaşayacam. Badam yetişənədək mən bu dünyanı tərk edən deyiləm və ondan sonra daha da yaxşılaşıb ayağa qalxacam, inan mənə” (Abşeronda mart ayının əvvələrində badam çiçək açırdı). Yaza hələ çox var idi. Zeynalabdin sevimli yoldaşının sözlərini onun təsəlli tapması üçün deyilən sözlər kimi qəbul etmişdi. 


 Zərgər Zeynalabdin yenə də dərdli-fikirli idi. O, Tuğra ilə bərabər əkdikləri badam ağacının çiçəkləməsini səbirsizliklə gözləyirdi. 


 Tuğranın badamı çox sevdiyini bildiyi üçün (Tuğranın gözləri də badamı idi və onu tanıyanların hamısı ona “badamgözlü” deyirdilər) səhər açılar-açılmaz Zeynalabdin emalatxanasına qaçdı, qızıl və gümüşdən müxtəlif ölçülərdə, müxtəlif cür badam formalı boyunbağılar düzəldərək, onların üzərini müxtəlif rəngli emallarla bəzədi. Zinət əşyalarını düzəldikcə, onun ürəyi qanla dolurdu, bəlkə də bu hədiyyələr sevimli arvadına verəcəyi son hədiyyələr olacaqdı.


 Tuğra dözülməz ağrılar çəksə də yazın gəlməsini, badamın çiçək açmasını gözləyirdi. O, gecələr yata bilmirdi, onunla bərabər Zeynalabdin də gecələr arvadına keşik çəkirdi. Həkimlərin hər gün gedib-gəlməsinə baxmayaraq, heç biri ürəkaçan bir söz demirdi. 


 Bir gecə, səhərə yaxın (soyuq aylar idi) Tuğranın halı pisləşir və o Zeynalabdini yanına çağırır və “mən artıq gedirəm, səninlə vidalaşmaq istəyirəm. Sən əlimdən tut və yanımda otur” - deyir. Bu sözləri eşidəndə Zeynalabdinin gözləri doldu və - “sən badam çiçək açınca yaşayacağını söz vermişdin. Bir neçə saat, səhər açılanadək döz, mən sənə badam gətirəcəm, badam ağacımız çiçək açıb” - dedi (o, bunu yalandan deyirdi ki, Tuğranı az da ürəkləndirsin). Zeynalabdinin bu sözündən sonra elə bil Tuğraya bir az güc gəldi və həmin gün Tuğra düz günortaya qədər rahatca yatdı. 


 Tuğra günorta yuxudan ayılanda yastığının yanında badam formalı müxtəlif cür, müxtəlif rəngli emalla bəzədilmiş qızıl və gümüşdən hazırlanmış çoxlu zinət əşyaları görür. Zeynalabdin isə onun başı üstündə duraraq: “bütün bunların hamısı sənin üçündür, təki sən yaşa!” – deyir. Bundan sonra sanki bir möcüzə baş verir, Tuğranın səhhəti günbəgün yaxşılaşır. O, yoldaşının öz əli ilə onun üçün hazırladığı badam formalı zinət əşyalarını hər gün bir-bir əlinə alar, baxardı və sanki onlardan güc-qüvvət alırdı. Möcüzə kimi görünsə də, o gündən sonra Tuğranın səhhətində yaxşılığa doğru bir dönüş yaranır, yaxşılaşmağa başlayır.


 Həmin gündən Azərbaycanın zərgərlik sənətində badam formalı zinət əşyalarına çox tez-tez rast gəlinir və bu bir məhəbbət simvolu, möcüzəvi və müalicəvi bir gücə malik zinət əşyası kimi qəbul olunur. 


 AzEns.AZ 

Tweet 97