AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Dahi rəssamların görmə defektləri

Rəngsazlıq şedevrlərinin yaranma sirlərinin açılmasında tək sənətşünaslar deyil, oftolmoloqlar da az zəhmət çəkmirlər.

Belə fikirlər vardır ki,  bəzi rəngsazlıq üslublarında çəkilmiş rəsm əsərlərində tablolara həkk olunmuş rəng çalarları sadəcə olaraq görmə patologiyası nəticəsində yaranmışdır. Alimlər dahi rəssamların əsərlərini diaqnozdan keçirmiş və Rembrandt, Van Qoq, Mone, Deqa, El-Qreko və digər məşhur rəssamların görmə qabiliyyətlərində ciddi problemləri olduğu qərarına gəlmişlər.

İnsanların üçölçülü sahəni necə qəbul etməsi, onun görmə qabiliyyətinin binokulyarlığı (stereokopikliyi) ilə şərtləndirilir. Belə ki, üçölçülü sahəni müstəvidə təsvir etmək üçün rəssamlar monokulyar görmədən istifadə edirlər, yəni, gözlərinin birini bağlayırlar.

Harvard Tibb Kollecinin neyrobioloqları M.Livinqston və B.Konvey  Rembrandtın 36 avtoportretini çox dəqiqliklə müqayisə etmişlər və belə nəticəyə gəlib ki, rəssamın gözünün birində cüzi, çox az hiss ediləcək dərəcədə çəplik varmış. Rəssamın bütün portretlərində gözünün biri tamaşaçıya, digəri isə bir az çəp baxır. Gözün hər hansı birinin fokusu saxlamaması stereokopik görmənin zəif inkişafından xəbər verir. Mümkündür ki, Rembrandtın dahi rəssamlığına məhz elə bu səbəb olmuşdur.

Məlum olduğu kimi fransız impressionisti Klod Mone kataraktadan (göz xəstəliyi) əziyyət çəkirmiş. Oftalmoloqlar belə hesab edirlər ki, rəssamın bu görmə defekti onun rəng palitrasındakı “yumşaqlığa” səbəb olmuşdur. Tibb elmləri namizədi A.Sergiyenko isə belə hesab edir ki, Monenin çəkdiyi şəkillərdən onun xəstəliyinin getdikcə artdığını görmək olar. Alimin dediyinə görə, “katarakta zamanı “büllurlar” getdikcə tutqunlaşır, xəstə tərləmiş şüşədən baxır. İnsan getdikcə “soyuq” tonları görmə qabiliyyətini itirir. Bu səbəbdən də Monenin rəsm əsərlərində sarı və qəhvəyi rənglər mavi və göy rəngləri getdikcə sıxışdırmışdır. Katarakta xəstələri aləmi məhz elə bu rəngdə, sarı-qəhvəyi rəngdə görürlər.

Sarı rəngin çoxluğu Van Qoqun rəsm əsərləri üçün daha xarakterikdir. Alimlər əmin edirlər ki, rəssamın görmə qabiliyyətindəki bu əlamət epilepsiyaya qarşı içdiyi dərmanlardan sonra əmələ gəlmişdir. Cünki bu dərmanların həddən artıq dozada qəbulu insanların görməsində sarı çalarları daha da artırır.

Oftalmoloq M.Marmor belə qənaətə gəlmişdir ki, məşhur rəssam Edqar Deqa sürətlə inkişaf edən görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkirmiş. Bu səbəbdən də o ömrünün son 30 ilini yataqda (xüsusi rəsm karandaşları) işləmiş və onun rəsm əsərlərindəki fiqurlar get-gedə böyümüşdür. Bu da rəssamın sürətlə inkişaf edən göz zəifliyindən əziyyət çəkdiyindən xəbər verir.

Mütəxəssislərin fikrincə məşhur rəsm ustası El-Qreko astiqmatizmdən (göz xəstəliyi-görüntünün yayılması, əyri güzgü kimi) əziyyət çəkirmiş. El-Qreko özünün rəsm əsərlərinin əksəriyyətində dairəvi olan bir çox şeyləri uzunsov çəkərmiş. Bu görmə defektidir. Mütəxəssislərin fikrincə, rəssam  astiqmatizmdən əziyyət çəkirmiş.

Marqaret Tetçer ekspressionist Frensis Bekonu ”dəhşətli şəkillər çəkən adam” adlandırmışdır. Həqiqətən rəssamın çəkdiyi şəkillərin əksəriyyətində dartılıb tanınmaz hala salınmış sifətlərə və uzadılaraq eybəcər formaya salınmış bədənlərə çox tez-tez rast gəlinir. Bu da tamaşaçıda istər-istəməz ikrah hissi doğurur. Mütəxəssislərin fikrincə, rəssam dismorfopsiyadan (hər bir əşyanın yayılmış, əzilmiş formada gözə görünməsi) əziyyət çəkirmiş.

Azens.az / Jalə Orucova