AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Üzeyir məktəbi - C. Cahangirov

Cahangir Cahangirov - əməkdar incəsənət xadimi (1959), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950).

Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb.

Cahangir Cahangirov hələ gənc yaşlarından tanınmağa başlamış, keçmiş Sovetlər məkanında ən yüksək mükafat olan SSRİ Dövlət mükafatına (1950) layiq görülmüşdü. Sonralar Azərbaycanın Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1964) fəxri adlarını, professor (1978) elmi dərəcəsini qazanan bəstəkar, eyni zamanda təcrübəli pedaqoq, xor musiqisinin dərin bilicisi kimi musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutmuşdur.

1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olan Cahangir Şirgəşt oğlu Cahangirov musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlmişdir. Hələ Teatr Texnikumunda təhsil alarkən musiqiyə böyük həvəs göstərmiş və ilk əsərlərini yazmağa başlamışdır. Onun parlaq istedadını aşkar edən Üzeyir bəyin məsləhəti ilə paralel olaraq Bakı Musiqi Texnikumunda təhsil almağa başlamış, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Konservatoriyada oxuduğu illərdə (1941-1951) Üzeyir bəydən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş, professor Boris Zeydmanın sinfində bəstəkarlıq sənətinin sirlərinə yiyələnmişdir.

C.Cahangirovun hələ tələbəlik dövründə, 1949-cu ildə yazdığı “Arazın o tayında” vokal-simfonik poeması musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdi. Gənc bəstəkar məhz bu əsərə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Qeyd etmək lazımdır ki, Azərbaycanda violin ilə orkestr üçün və xor üçün ilk konsert əsərini C.Cahangirov yazmışdır.

 C.Cahangirov gözəl lirik mahnılar müəllifi kimi şöhrət qazanmışdır. Bəstəkarın “Ana”, “Aylı gecələr”, “Qarabağ”, “Durnalar”, “Zəriflik”, “Ay qız” və başqa mahnıları dillərdə əzbər olmuşdur. Onun mahnıları məşhur müğənnilərin - R.Behbudovun, Ş.Ələkbərovanın, G.Məmmədovun, İ.Rzayevin və başqalarının repertuarını bəzəmişdir. Bəstəkarın “Yenilməz batalyon”, “Dəli Kür”, “Koroğlu”, “Dağlarda döyüş” və başqa kinofilmlərə yazdığı musiqilər sonradan müstəqil mahnılar kimi konsert salonlarında ifa edilmiş, geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır.

Ümumiyyətlə, C.Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur. Hələ 1944-cü ildə o, Dövlət Filarmoniyasının nəzdində Mahnı və Rəqs Ansamblının xor qrupuna rəhbərlik edərək bir sıra xalq mahnılarını xor üçün işləmişdi. Bu zəngin təcrübə sonralar bəstəkarın xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Onun xüsusilə dahi şair Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə yazılmış metso-soprano, xor və simfonik orkestr üçün “Füzuli” kantatası Azərbaycanın xor musiqisi sahəsində qazanılmış ən yüksək nailiyyətlərindən biri sayılır.

Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib, məzarı Fəxri Xiyabanda yerləşir. Haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli film çəkilmişdir.

AzEns.AZ