AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
21 İyun

Tarixdə gigiyena qaydaları

Bu məqaləni qiymətləndir
(0 səs)

Tarixçilər belə hesab edirlər ki, müasir gigiyena qaydaları Qədim Romada yaranmışdır.

Su kəməri və hamamın vətəni olan Qədim Romada bir çox qəribə gigiyenik adətlər mövcud olmuşdur.Belə ki, qədim romalılar qurudulmuş siçan beynindən diş pastası kimi, siçanların yandırılmış başlarının külündən isə damaq qanamasına qarşı istifadə edərlərmiş.

 Qədim Romada sidikdən yuyucu toz kimi istifadə olunurmuş. Qədim romalılar ləkə və çirki təmizləyə biləcək aktiv komponent olan ammoniumun sidiyin tərkibində olduğunu güman edirdilər.

 Orta əsrlərdə ayaqyolu üçün ayrılmış yerlər küçələrdə olduğundan adamlar gecələr təbii ehtiyaclarını təmin etmək üçün çarpayılarının altında saxladıqları “gecə küpə”lərindən istifadə edirdilər. Aristokratlara məxsus “gecə küpə”lərini qulluqçuları daşıyır, adi adamlar isə bu küpələri özləri daşıyardı.

 Orta əsrlərdə paltarları praktiki olaraq dəyişmədən geyərdilər. Paltarı neçə aylarla dəyişməz, hətta yatarkən belə əyinlərindən çıxarmazdılar. Vaxtilə Şotlandiya kralı olmuş VI Ceyms də belə edərmiş, bir paltarı aylarla dəyişmədən geyər, hətta gecələr paltarlı yatarmış. O zamanlar ən imkanlı adamın belə cəmi 3-4 paltarı olarmış, hər fəsilə biri.

 

 

 

 

 

 

 

 

 

 

 İngiltərədə, Tüdorlar zamanında (XV-XVII əsrlər) alt paltarlarının yuyulması ən çirkli (ürəkbulandıran) və ən ağır bir proses hesab olunurdu. İlk öncə alt paltarlarını agac zoğlarından hazırlanmış məhlullarda saxlayar, sonra onları yığıb çay kənarına apararaq, alt paltarlarını açaraq iti çubuqlarla  yerə bərkidər və uzun müddət xüsusi kürəklərlə kir paltarlardan tam çıxanacan yuyarmışlar.

 O zamanlar təbii ki, qadın gigiyenasına aid olan vasitələr yox idi. Qadınlar əlaltında olan uyğun vasitələrdən istifadə etmək məcburiyyətində idilər və daha çox nəm mamırdan istifadə edərmişlər.

 “İldə bir dəfə yuyunmaq” – bu heç də sözgəlişi söylənilən bir ifadə deyildir. Keçmiş zamanlarda ildə bir dəfə - may ayında yuyunarlarmış və bu səbəbdən də, adətən toylar iyun ayına salınarmış. Bütün ailə üzvüləri eyni suda yuyunurmuşlar.

 Çəngəl Avropada yalnız XIV əsrdən sonra istifadə olunmağa başlayıb. O vaxtacan çəngəli barmaqlar əvəz edirmiş.

 XIV əsrdə Avropanı bürüyən vəba epidemiyası zamanı insanların bu xəstəliyə düçar olması üçün xüsusi həkim kostyumlar hazırlanmışdır. Amma bu geyim yalnız XVII əsrin əvvəllərində tam formalaşmışdır. Geyim boyundan ovuclaradək bütün bədəni bağlayan plaşdan, şalvardan, əlçəkdən, şlyapadan və üzü bağlayan quş dimdiyi formalı maskadan ibarət bir kostyum dəsti idi. Maskanın gözləri şüşədən və nəfəs almaq üçün qoyulan iki deşiklı dimdiyi içəridən mikrobları öldürə bilən xüsusi otlarla doldurulmuşdu. Həkim bu geyimi geyindikdən sonra, maskanın altında sarımsaq çeynəyər və maska sarımsaq iyisini bayıra buraxmazmış.

 

 

 

 

 

 

 

 

 

 

 Viktorian dövrünün qadınları sifətlərini tam ağbəniz etmək üçün  qurğuşunlu rüşüldən, ağ boyaqdan istifadə edirmişlər.

 Tualet kağızı Avropada yalnız XIX əsrin sonlarında meydana gəlmişdir. O vaxtacan  adamlar əlaltında olan ən uyğun şeylərdən istifadə edirdilər. Belə ki, təmizlənmək üçün tualet kağızı əvəzinə, imkanlı – varlı adamlar parça zolaqlarından, kasıblar isə mamır və yarpaqlardan istifadə edərdilər.

AzEns.AZ

Oxu 1730 dəfə

Şərh verin.

Şərh.