AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
13 Sent

Azərbaycanın ilk Ədliyyə Naziri — Xəlil bəy Xasməmmədov

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri olan Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olub.

Orta təhsilini Gəncə klassik gimnaziyasında almış, daha sonra Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmiş, "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur. 
 
Xəlil bəy 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilib. Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, xalq azadlığı partiyasını təmsil edib. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırır və onun qanunvericilik yolu ilə keçirilməsini təklif edib. O zaman 3-cü Dövlət Dumasında Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalarının üzvü idi.
 
Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir". Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırıb, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulayıb. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. 
 
Xasməmmədov 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləyib. Fevral inqilabından sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilən Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının iştirakçısı olub. Həmin ilin 26-31 oktyabrında Bakıda keçirilən "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi. X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. 
 
Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunub. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılan "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilən tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olub. X. Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat edib. 
 
AzEns.Az
Oxu 1557 dəfə

Şərh verin.