AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bazar günü nə vaxtdan rəsmi istirahət günü elan olunmuşdur?

Bugün dünyanın əksər ölkələrində, Azərbaycan da daxil olmaqla, bazar günü rəsmi istirahət günü hesab edilir.

İlk dəfə bazar günün istirahət günü olmasını  7 mart 321-ci ildə Roma imperatoru Böyük Konstantin sərəncamla rəsmi olaraq elan etmişdir. Əfsanəyə görə, imperator Konstantin bazar günü başlanacaq döyüşdən əvvəl, gecə yuxusunda Günəşin üstündə xaç və imperatorun qələbəsinə işarə edən yazı görür. Səhər döyüş  Konstantinin qələbəsi ilə nəticələnir. Evə qayıdan kimi imperator bazar gününü qeyri iş günü elan edir və həmin gün ümumiyyətlə, işləmək qadağan olunur. Hətta həftənin həmin günü ticarət obyektləri və dövlət müəssisələri belə işləmirdi. Amma torpaqda çalışanlara heç bir məhdudiyyət və qadağa yox idi, O zamanlar isə əhalinin əksər hissəsi torpaqda çalışırdı.

50 ildən çox bir vaxt keçdikdən sonra, imperator I Feodosinin hakimiyyəti dövründə (388-395) belə bir əmr verilir ki, bazar günləri əhalidən nə dövləti, nə də şəxsi borclar tələb edilə bilməz. 425-ci ildə isə imperatorun əmri ilə, həftənin bazar günü Günəş günü hesab edilir, həmin gün sirk və teatr əyləncələri qadağan edilir. 528-ci ildə III Sinodun dövründə Orlean şəhərində bazar günü bütün işlərə, hətta kənd təsərrüfatı işlərinə qadağa qoyulur.

İsraildə əsas istirahət günü şənbə hesab edilir. İş həftəsi bazar günündən başlayır, cümə axşamı və yaxud da cümə günü günorta bitir. Şənbə günü -Şabat müqəddəs sayılır və bu gün ofislər,mağazalar, hətta ictimai nəqliyyat (taksilər istisna olmaqla) belə işləmir.

Müsəlman ölkələrində isə əsas istirahət günü cümə hesab edilir. Müsəlmanlar bu günü məscidə getməyə və ibadətə həsr edir. Müsəlman ölkələrinin bəzilərində iş həftəsi şənbədən çərşənbəyədək (Əlcəzair və Saudiyyə Ərəbistanı), bəzisində (İran) şənbədən cümə axşamınadək, bəzilərində isə bazar günündən cümə axşamınadək olur (Misir, Suriya, İraq, Ərəb Əmirlikləri).

AzEns.az