AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

ABŞ-a gələn ilk azərbaycanlı kim idi?

Nyu-York şəhərinin bir addımlığında olan Ellis Adasından ABŞ-a 25 milyondan çox insan daxil olub.

Çoxları üçün bu ada amerikalı olmaq istiqamətində ilk dayanacaq, ilk addım idi. Ellis adasının ən çox mühacir qəbul etdiyi illər 1892-1954-cü illərdə olub. Elə ilk azərbaycanlının da ABŞ-a gəlişi bu dövrə təsadüf edir.

ABŞ-a gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. Mirzə Əli Əkbər adlı azərbaycanlı 1912-ci ilin 7 iyun tarixində Mavritaniya gəmisi ilə Rusiyadan Amerikaya məhz bu ada vasitəsilə gəlib.

Ellis Adasının tarixi sərnişin arxivindən axtarıb tapdıq ki, Mirzə Əli Əkbər ABŞ-a gələndə 40 yaşı olub. O, son yaşayış yeri Azərbaycan ərazisi olan ilk Ellis miqrantı kimi tarixə düşüb. Baxmayaraq ki, sənəddə məkan Bakı, Rusiya kimi qeyd edilib. Dövlət sənədlərində onun yəhudi kimi qeydə alındığı göstərilir. Məlumatda deyilir ki, 25 milyon mühacirdən biri olmuş Mirzə Əli Əkbər sonuncu dəfə Liverpul limanını tərk edib və 1912-ci il iyunun 7-də Ellis adasına çatıb.

Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-a getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-a mühacirət etmişlər. Onların təxmini sayı 250-300 nəfər olmuşdur. Həmin dövrlərdə azərbaycanlılar ən çox Nyu-York ştatında yaşamışlar.