AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

"Armudu" stəkanın özəllikləri

“Armudu” stəkanda çay içmək ənənəsi bizə şübhəsiz ki, Azərbaycandan gəlmişdir”, bu sözləri, XIX əsrdə Şərqin çay mədəniyyətini öyrənən Britaniyanın məşhur “əl işləri” ustası Elizabet Saperkort demişdir.

Stəkana bu ad formasına görə verilmişdir. Belə ki, bu stəkanlar formaca armuda bənzəyir deyə, bu cür adlandırılmışdır. Stəkanın digər bir adı da var – “boğmalı”, yəni – ortası sıxılmış. Armudu stəkan formaca Şərq qadınlarının klassik “incə bel” fiqurlarını xatırladır.   

 Çay adətən qaynar içildiyi üçün stəkanı tutarkən barmaqları yandırmasın deyə, nəlbəkiyə qoyulur. “Armudu” stəkanların estetik gözəlliyindən əlavə, istilik saxlama özəlliyi də vardır. Belə ki, bu stəkanların ortasında olan darlıq aşağı hissədəki çayı isti saxlayır və tədricən içildikcə yuxarıya ötürür. Beləliklə də, “armudu” stəkan içərisindəki çayın istiliyini normal formada tənzimləyir və çayın içilməsi üçün çox rahat olur. Armudu stəkanlar içərisindəki çayın tez soyumasına imkan vermir və bu stəkanlar 100 qramlıq olduğundan daha tez içilir.

“Armudu” stəkanın fiziki xüsusiyyətləri nə vaxtsa, avropalılara çox kömək edib. Belə ki, bir vaxtlar Saxara səhralarında neft çıxaran avropalılar böyük problemlərlə üzləşirdilər. Sisternalara doldurulan neft qızmar günəş altında buxarlanırdı. Sisternaların ağzı bağlanarkən isə içərisində yaranan təzyiqdən partlayışlar baş verirdi. Belə vəziyyətlə qarşılaşan mühəndislər heç cür çıxış yolu tapa bilmirdilər.

 Bir dəfə Azərbaycana təşrif buyurmuş bir avropalı mühəndis çayxanaya girərək, çay içmək qərarına gəlir və ona qeyri-adi (həmin avropalı üçün bu qeyri-adi stəkan idi) bir formalı (“armudu”) stəkanda çay gətirirlər. Stəkanın forması avropalı mühəndisin diqqətini cəlb edir və stəkanın termik xüsusiyyətlərini öyrəndikdən sonra, neft üçün bu cür çənlərin düzəldilməsi fikrini irəli sürür. Nyutonun başına alma düşdüyü halda, bu mühəndisin başına “armud” (stəkan) düşür. Avropalı mühəndis Saxaraya qayıdar-qayıtmaz bütün neft sisternalarının “armudu” stəkan formasında hazırlanmasını əmr edir. Beləliklə də, avropalı mühəndislərin üzləşdikləri problemlərin həllində Azərbaycanın “armudu” stəkanının rolu olmuşdur.

 AzEns.AZ