AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

FAKTLAR: Müasir bakılıların kökü e.ə. XI əsrə aiddir

 Müasir bakılılar, əsasən, İçərişəhər qalasında yaşamış insanların törəmələridirlər. “İçərişəhərli”lərin kökünün hardan gəlməsi haqqında Azens.az oxucularına çox unikal məlumat təqdim edir:

 İçərişəhər əhalisi içərisində çoxlu tayfalar mövcud olmuşdur: Seyidi, Arabaçılar, Hamamçılar, Ağ şalvarlı və s. Ağ şalvarlılar sayca ən çox olan tayfa olmuşdur.

 

 

 

 Ağ şalvarlı

 Bu dənizçilər öz geyimləri ilə digərlərindən fərqlənirdilər: ağ şalvar və ağ köynək geyərdilər. Bir versiyaya görə, məhz elə bu səbəbdən onları “Ağ şalvarlı” adlandırırdılar. Amma köklü içərişəhərlilər tərəfindən “Ağ şalvarlı” sözü ilə bağlı daha iki versiya da var.

 İkinci versiyaya görə, onlar dəyirmanda işləyənlər idi. Bu adamlar səhər tezdən işə qara salvarlarda getsələr də, axşam işdən çıxarkən dəyirmanda üyüdülən undan ağappaq olmuş şalvarlarla evə qayıdarmışlar. Bu səbəbdən də onları “Ağ şalvarlı” adlandırırdılar.

 Üçüncü versiyaya görə isə, Ağ şalvarlılar başqa tayfaların qulları olublar. Qullar iş vaxtı dayanıb durmasınlar və ya işləməyib oturmasınlar deyə, onlara ağaları ağ şalvar geydirərmiş. Çünki işlərkən ağ şalvar həmin an  çirklənirdi. Beləliklə də, qulun işləyib-işləməməsi məlum olurdu.

 Bütün bu çoxsaylı versiyalar arasında birinci versiya əsas götürülür. Yəni ki, ağ şalvarlıların dənizçilər olması versiyası. Bu versiyanı o zamankı bir çox tarixçilər, yazıçılar öz yazılarında qeyd etmişlər.

 Xəzərdə ilk dənizçilik müasir bakılıların qədim əcdadları tərəfindən öyrənilmişdir.

 

 Müasir bakılıların əcdadları kimlər olmuş və nə ilə məşğul olmuşlar?

 Hələ Şirvanşahların hakimiyyəti dövründən hesablasaq, son 1000 ildə Xəzərin qərb sahillərində öz dəniz limanları ilə iki şəhər yerləşirdi: Dərbənd və Bakı. Bakının Xəzərin şərq sahillərində yerləşən Gürgən şəhəri (Xorasan), Rəşt və Ənzəli İran limanları ilə də dəniz əlaqələri vardı.

 VII şiə İmamı Musa Kazımın iki qızı – Hökümə xanım və Rəhimə xanım (məqbərələri Nardaran və Bibiheybət pirlərində yerləşir) Xorasandan İçərişəhərə məhz, elə dəniz yolu ilə gəlmişdilər. Həmin dövrlərdə (VIII əsrin sonu-IX əsrin əvvəlləri) Abşeron yarımadasının əsas dəniz limanı Pirallahı adasında yerləşirdi. Abşeron (çox-çox sonralar yarımadaya bu ad verilmişdir), Dübəndi və Gürgən yaşayış məntəqələri məhz, burada yerləşirdi. Bunlardan başqa, Bilgəhdə orta əsrlərə aid Amburan adlanan daha bir liman var idi, orta əsrlərdə bu yerlər “Bildi” adlandırılırdı. XVI-XVII əsrlərdə Xızı rayonunda Niyazabad (Nizovaya) yaşayış məntəqəsi mövcud olub. Beləliklə, orta əsrlərdə bütün bu regionun ən mühüm strateji şəhərlərində biri Bakı şəhəri olmuşdur. Elə məhz, Ağ şalvarlılar da bu qədim şəhərin qədim dənizçilərindən olmuşlar. Eramızdan əvvəl XI əsrə aid edilən “Qobustan qaya rəsmləri” arasındakı gəmirəsmləri  bir daha bunu təsdiqləyir.

 Ağ şalvarlılar əksər hallarda gəmi kapitanı və ya gəmi sahibi olurdular. Sözsüz ki, adi dənizçi olanlar da az deyildi. İri gəmilərdən başqa, xırda, yerli istehsal olan gəmi və qayıqlarla da dənizçilik edənlər var idi. Bir sözlə desək,  Ağ şalvarlılar dənizçiliklə məşğul olan bir tayfa olmuşdur.

 Ağ şalvarlılar İçərişəhər qalasında yaşasalar da, onların bir qolu (bir hissəsi) qalanın xaricində, qalaya yaxın - Çəmbərəkənd deyilən bir yerdə yaşamışlar. Həmin ərazidə indi Nazirlər Kabinetinin binası yerləşir.

AzEns.AZ