AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

“Azərbaycan” adını ilk dəfə kim və nə vaxt istifadə etmişdir?

Sovet hakimiyyəti rejimi həmişə antitürk meyilliliyi ilə fəaliyət göstərib.

Azərbaycanlıların türkəsilli, türkköklü olduqları ideyasını beyinlərindən silməyə çalışıb. Bu səbəbdən də bütün dünyanı belə bir dəhşətli yalana inandırdılar ki, guya 1936-cı ilədək nə Azərbaycan xalqı, nə də ki, Azərbaycan olmuşdur. Stalindən sonra isə bütün dünyadakı erməni diasporu bu estafeti qəbul etdi və indinin özündə də uğurla həyata keçirir.

 Bununla bağlı Azens.az tarixi faktlara istinad edərək, “Azərbaycan” sözü və azərbaycanlıların kökünün hara bağlandığı haqda öz oxucularına qısa bir informasiya təqdim eləmək istəyir:

 İndi azərbaycanlılar adlandırılan Azərbaycan türkləri çox keçmiş zamanlardan bu torpaqlarda yaşayıb yaratmışlar. Məhz indiki azərbaycanlıların əcdadları Səlcuqlar imperiyası, Azərbaycan atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Avşarlar və Qacarlar dövləti kimi qüdrətli dövlətlər yaratmışdılar.

 Orta əsrlərin ən məşhurları Yaqut əl-Həməvi, İstahri, Rəşidəddin, Həmdullah Qəzvini, İsgəndər Münşi və digərləri öz əsərlərində Azərbaycan türklərinə yüzlərlə səhifələr həsr etmişlər. Onların hamısı öz əsərlərində təsdiq edirlər ki, Azərbaycan Ön Şərqdə mədəniyyət ocağı hesab edilən türk dövləti olmuşdur. Bu da Azərbaycanın və Azərbaycan türklərinin qədimiliyini və yüksək mədəni inkişafa malik olduğunu sübuta yetirmək üçün kifayət edər.

 E.ə. IV əsrdə Əhəmənilər imperiyasının parçalanması nəticəsində  Azərbaycan adlı müstəqil dövlət yaranmışdır. O zamanlar yunanlar bu müstəqil dövləti “Atropatena” kimi tanıyırdılar ki, müasir “Azərbaycan” sözü də bundan yaranmışdır.

 XII-XIII əsrdə Cənubi Qafqazı, İranı, İraqı əhatə edən böyük bir əraziyə malik “Azərbaycan Atabəylər” dövləti mövcud olmuşdur. Məsələn: XII əsr ərəb tarixçisi Yaqut əl-Həməvi qeyd etmişdir ki, “Azərbaycan – böyük və qüdrətli dövlətdir və əsasən də, dağlıq yerdir. Burada çoxlu qalalar, var-dövlət, ucsuz-bucaqsız meyvə bağları, saysız-hesabsız bulaqlar, çaylar və s. vardır. Mən hələ belə varlı, bərəkətli bir yer görməmişəm”.

 Hələ XII əsrdə Yaqut Azərbaycanı ölkə deyil, dövlət adlandırmışdır.

 Orta əsrlərdə bütün dünyada dövlətlər onu idarə edən sülalənin adı ilə adlandırılırdı. Orta əsrlər Azərbaycanında  bu Şirvanşahlar, Atabəylər Azərbaycanı, Qaraqoyunlu, Ağqoyunlu,Səfəvilər və sairə. Orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyətini türklər təşkil edirdi. Bu səbəbdən də qonşu ölkələr onu türk dövləti kimi tanıyırdı.

 O zamanlar, orta əsr coğrafiyaşunasları və tarixçiləri Azərbaycan türkləri dedikdə, səlcuqları, oğuzları, türkmənləri, qaraqoyunluları, ağqoyunluları, qızılbaşları və sairələrini nəzərdə tuturdular. Belə ki, bunların hamısı da müasir azərbaycanlıların əcdadlarıdır. Bu əcdadlar da müasir azərbaycanlılara türk dilini, “türk” etnonimini, türk mədəniyətini və özünüdərki bir miras qoyub getmişlər.

AzEns.AZ