AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Şollar su kəmərinin tarixi

XXI əsrin birinci onilliyi ölkənin tarixinə bir çox mühüm hadisələrlə yazıldı.

Onlardan biri də çox böyük zəhmət və maliyyə vəsaiti hesabına paytaxt Bakıya Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi idi. Hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı səylər göstərirdilər. Həmin dövrdə Bakıda vəba xəstəliyi yayılmışdı. Səbəblərdən biri də Kürdən gələn suyun həddən artıq çirkli olması idi. H.Z.Tağıyev çıxışlarından birində deyirdi: "Bir halda ki, Tiflisdə çaya kanalizasiya suyu axıdılır, onu xalqa vermək olmaz".

1898-ci ildə Hacı öz vəsaitindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Orada hidravliklərin beynəlxalq qurultayı keçirilirdi. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. Qurultayda iştirak edən milliyyətcə isveç, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L.Lindley bu təklifi qəbul edir, Azərbaycanda içməli su mənbələri axtarır və Şahdağın ətəyində, indiki Xaçmaz rayonunun Şollar kəndi ərazisində böyük ehtiyata malik içməli su mənbələri aşkar edir. Nəhayət, Bakının içməli su mənbələri üçün təklif olunan variantlar müzakirəyə çıxarılır. Həmin müzakirələrdə dəniz suyunun təmizləyiciləri olmadığından, birinci variant qəbul edilmir.

Kür suyunun Bakıya gətirilməsi xərclərinin baha, Zabrat quyularında isə yodlaşmanın normadan artıq olması üzündən bu variantlar da məqbul sayılmayıb.

Beləliklə, sonuncu - "Şahdağ"ın ətəyindən təmiz bulaq suyununun borular vasitəsilə Bakıya gətirilməsi yeganə variant kimi bir neçə dəfə müzakirə olunub. Uilyam Lindley Bakı Dumasının iclasında növbəti dəfə Şollar suyunun Bakıya gətirilməsinin real olduğunu əsaslandıraraq, bu işə başlamağı təklif edib. Hətta Hacı Zeynalabdinin köməyi ilə Sankt-Peterburqdan Nabran zonasının yeraltı sularının xəritəsi də gətirilir. İngilis mütəxəssisin bu təşəbbüsünü hamı bəyənsə də, onun reallaşması barədə qərar çıxarılmayır.

Yalnız bir ildən sonra, Hacı Zeynalabdin bu məsələni yenidən Bakı Şəhər Dumasında müzakirəyə çıxarıb və bu dəfə məsələ müsbət həll olunmuşdur.

Tarixi mənbələrə əsasən, bir neçə illik hazırlıq tədbirlərindən sonra - 1904-cü ilin fevralında Şollar kəndindən Bakıya su kəmərin çəkilişinə başlanıb. Lakin 1905-ci ildə Rusiyada baş verən inqilab bu layihənin icrasını əngəlləyib. 1909-cu ilin mayında isə Bakı Duması Şollar Su Kəmərinin tikintisini davam etdirmək üçün Bakının su təchizatına dair bütün layihələr yenidən müzakirəyə çıxarılıb. Bu layihələr içərisində yenə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis Lindleyin hazırladığı layihə bəyənilib.

Şəhərə təmiz su daşıyıb satan erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kəmərin çəkilişinin əleyhinə kampaniyalara başlayır. Lakin Hacı buna baxmayaraq işə başlayır. 1904-cü ildə Şollar-Bakı su kəmərinin çəkilişinə başlanılır və 1916-cı ildə ilk dəfə Bakıya tər-təmiz içməli Şollar suyu verilir.

Bundan sonra Şəhər Duması həmin layihə üzrə tikinti xərclərini ödəmək üçün 27 milyon rubl məbləğində 5 faizli istiqrazların buraxılması barədə qərar qəbul edib. Layihəyə əsasən, Almaniyadan Kertinq, Zelser daxiliyanma mühərrikləri, elektrik avadanlıqları, İngiltərədən Bukkers firmasının istehsal etdiyi su nasosları, Rusiyadan yüksək təzyiqli çuqun borular, betondan konstruksiya formasında hazırlanmış su kəməri boruları sifariş edilir.

Nəhayət, 1917-ci ilin yanvarında Bakı əhalisi təmiz bulaq suyu olan Şollardan istifadə etməyə başlayıb. Həmin il fevralın 18-i isə tarixə "Bakı-Şollar" Su Kəmərinin açılışı günü kimi düşür. "Naxır bulağı" deyilən yerdə keçirilən rəsmi mərasimdə neft milyonçuları, kəmərin layihələndirilməsində və icrasında əməyi olan xarici qonaqlar, ruhanilər iştirak edib. Qazı Məhəmməd Kərim əlində "Quran" bu işdə əməyəi olan hər kəsə, o cümlədən, Hacı Zeynalabdin Tağıyevə minnətdarlığını bildirirək, dualar oxuyur. Elə su kəmərinin kranını açmaq da Hacı Zeynalabdinə həvalə edir.

AzEns.AZ