AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Natəvan və Dümanın şahmat oyunu

Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı müəyyən müddət  Azərbaycan ərazisində səyahət etmişdi.

1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları Parisdə çap olunmuşdu. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada  Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Azərbaycan şairəsi ilə şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı: "Bu tarixi hadisə məni ilhamlandırıb və yenidən malbert arxasına keçməyə həvəsləndirib. Natəvanın Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir və mən bu səhnəni çəkməyə bilməzdim".

Rəsmdə Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Oyunda Natəvanın Dümanı necə sıxışdırdığını açıq-aşkar görmək olar. Belə ki, Dümanın bütün daşları vurulub, Natəvan isə sonuncu həlledici gedişini etməyə hazırlaşır. Düma bu gedişin necə yekunlaşacağını yaxşı bilir və bu səbəbdən də əlini oyundan üzərək məyus halda şahmat taxtasına baxır. Bunun əksinə olaraq Natəvan uğurlu gediş edir və Dümanın gözlərinin içinə cəsarətlə baxmaqdan çəkinmir.

Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçəri Şəhər və Qız Qalası görünür. Natəvanın sol tərəfində olan taxçadakı güldanın içində isə Xarı-Bülbül gülünü görmək olar. Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub.

Tarixdən məlumdur ki, Dümanın atası Napoleon ordusunun generalı olmuşdur. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başa düşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edir: "Natəvanın üz cizgilərini çəkmək üçün tarixi fotolardan faydalansam da, onun barmaqlarındakı zəriflik və incəliyi real həyatda tanıdığım xanımın barmaqlarından götürmüşəm. Onu da qeyd edim ki, indiyə kimi Dümanın Qafqaza səyahətindən və Natəvanla görüşündən bəhs edən bir çox bədii əsərlər meydana gəlsə də, bu mövzuda heç bir əlamətdar rəsm əsəri çəkilməyib. Mənim çəkdiyim “Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” rəsmi bu mövzuda çəkilən ilk rəsm əsəridir".

AzEns.AZ