AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Zərdabi həyat yoldaşını necə seçib?

Həsən-bəy Zərdabi Rusiyada ali təhsil almış ilk azərbaycanlı və müsəlmandır.

Bütün işlərində Həsən bəy Zərdabinin ən yaxın köməkçisi onun həyat yoldaşı olmuşdur. Çünki onların həyata baxışları, həyatda məqsəd və məramları hər zaman üst-üstə düşürdü.

İndi də gəlin bu çütlüyün necə tanış olmalarının tarixçəsinə nəzər salaq:

O zamanlar Həsən bəy 30 yaşlarında idi və evlənmək haqqında düşünürdü. 1869-cu ildə Həsən bəy Bakı realnı məktəbində tarix müəllimi işləyirdi. Həmin dövrlərdə ailə qurmaq üçün təhsilli qadın tapmaq çox çətin idi və Həsən bəy də məhz təhsilli bir qadın axtarırdı ki, onunla ailə qursun. Çətinlik onda idi ki, o vaxtlar təhsilli müsəlman qadınlar həddindən artıq çox az idi.

 Bir dəfə o, “Qafqaz” qəzetində 1872-ci ildə Tiflisdəki “Müqəddəs Nina” adına təhsil müəssisəsində kurs bitirmiş qızların siyahısına rast gəlir. Bu siyahıda yalnız bircə nəfər müsəlman qızın adı var idi. Bunu görəndə Həsən bəyin gözləri işıqlanır, sanki “samanlıqda iynə tapmış” kimi olur və cəsarətli bir addım atmaq qərarına gəlir.

 Həsən bəy təcili olaraq Tiflisə gəlir və öz fikrini həmin təhsil müəssisənin rəisinə bildirir. Rəis onu 16 yaşlı qəşəng bir qızla tanış edir. Bu qız – Ter vilayətinin Nalçik şəhərində anadan olmuş, çar ordusunun zabiti, balkar knyazı Aslanbəy Abayevin (1856 – 1929) qızı Hənifə Abayeva idi. Hənifə Abayeva – Şimali Qafqaz üzrə ali təhsil almış ilk müsəlman qadın olmuşdur. Elə ilk görüşdən onların həyata baxışları, xalqın maariflənməsi yolunda məqsədləri tam üst-üstə düşür və az bir müddətdən sonra onlar ailə qurmaq qərarına gəlirlər.

 1872-ci ildə Həsən bəylə Hənifə xanım evlənirlər və bundan sonra bütün həyatlarını müsəlman xalqının maarflənməsinə həsr edirlər.

 Sonralar Əlimərdan bəy Topçubaşov ((1862- 1934) ictimai və dövlət xadimi, hüquqşunas, jurnalist, Birinci Rus Dümasının deputatı (1906), Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri (1918-1920), Həsən-bəy və Hənifə xanımın böyük qızı (Tiflisdə “Müq. Nina”  təhsil müəssisəsində ali təhsil almış) Pəri ilə ailə qurmuşdur)) yazırdı: - “Gənc Hənifə xanım Məlikova-Zərdabi özünün doğulduğu gözəl təbiətli, səfalı Balkariyasını, sonralar onu və həyat yoldaşını şan-şöhrətli edəcək Xəzər sahillərinə dəyişir. Həsən bəylə Hənifə xanım ailə qurduqdan sonra həyatın çətinliklərində də, xoş günlərində də bərabər, çiyin-çiyinə addımladılar. Bir-birinə yaxın dost, maarifçilik işlərində dəyərli həmkar və gördükləri bütün işlərdə bir-birinə köməkçi və məsləhətçi oldular. Onlar birlikdə xalqın maariflənməsi yolunda çox böyük işlər görmüş, böyük uğurlar qazanmışlar.

 1873-cü ildə Həsən bəy ilk dəfə olaraq azərbaycan dilində teatr tamaşası təşkil edir. Hənifə xanım isə öz evində müsəlman qızları üçün məktəb açmışdır. Hənifə xanım və Həsən bəy Zərdabi müsəlman qızların təhsil almaları üçün var gücləri ilə çalışırdılar. Onlar hətta, qızlar üçün şəxsi pansion açmaq planlaşdırırdılar, lakin bunu yaratmaq üçün böyük məbləğ tələb olunurdu.

AzEns.AZ