AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bakı uğrunda döyüş-Hitlerin arzusu

1941-1945 illərdə cəbhədə döyüş əməliyyatlarında 680 mindən çox azərbaycanlı iştirak etmişdir.

 Onlardan 110 mini qadın olmuş, 350 mini isə döyüş meydanlarında qəhrəmancasına həlak olmuşdur.

 Böyük Vətən Müharibəsi illərində sovet tankları və təyyarələri üçün istifadə olunan yanacağın 80%-ni Bakı nefti təmin edirdi.

 30 milyon sovet vətəndaşının ölümünə səbəb olan 1941-1945-ci illərin dəhşətli müharibəsində əldə olunan qələbədə sovet döyüşçülərinin qəhramanlıqları ilə bərabər, SSRİ-nin regionlarının da böyük əməyi vardır. Belə ki, faşistlər tərəfindən zəbt olunmamış SSRİ regionlarının hər biri müxtəlif formada cəbhəyə, sovet döyüşçülərinə əllərindən gələn bütün köməkliyi göstərirdilər. O cümlədən də, Azərbaycanın cəbhə üçün çox əhəmiyyətli köməklikləri olmuşdur. Daha dəqiq desək, o zamanlar cəbhəyə döyüş maşınları üçün göndərilən Bakı neftinin alternativi yox idi.

 Müharibə dövründə neft hasilatının əsas hissəsi cəbhəyə göndərildiyi üçün ixtisaslaşmış fəhlələr, ustalar, mühəndislər gecə-gündüz bilmədən, var-güclərilə çalışaraq həmin illər ən maksimal həddə neft əldə etmişdilər.

1941-ci ildə SSRİ üzrə neft hasilatı 33 milyon ton olmuşdur ki, bunun da 23,6 milyon tonunu Azərbaycan vermişdir. Əvvəllər il ərzində bu qədər neft heç zaman hasil olunmamışdı.

 Həmin ildə (1941) ümumi işçilərin 1/3 hissəsi sənayedə və zavodlarda çalışırdısa, bu rəqəm 1944-cü ildə artıq 60%-i ötüb keçmişdi.   

 Müharibə başlayandan Bakıdakı bütün müəssisələr hərbi rejimə keçmişdi. Bu o demək idi ki, müəssisələr istirahətsiz, məzuniyyətsiz olaraq 12 saatlıq iş rejiminə keçmişdilər. Neft maşınqayırma zavodu isə həmin illərdə cəbhə üçün silah – sursat hazırlayırdı.

 1942-ci ildə alman qoşunları Bakıya yaxınlaşmışdılar. Hitlerin hərbi rəhbərliyi Bakını tutarlarsa, buranı Yaxın və Orta Şərqə, İran-İraq sərhədlərinə soxulmaq üçün bir plazdarm edəcəklərini düşünürdülər. Hətta “A” kodu altında alman ordularından xüsusi bir qrup da təşkil edilmişdir ki, guya bu ordu qrupu tezliklə Qafqaza hücum çəkəcək və tez bir zamanda Bakını qəsb edəcəkdir.

 Fürer Bakının tezliklə qəsb olunacağına ümid edirdi və hətta bunun “dəqiq” tarixini də əvvəlcədən müəyyənləşdirmişdi – 25 sentyabr 1942-ci il. Bakı isə evakuasiyaya hazırlaşırdı və bütün neft buruqları əvvəlcədən minalanmışdı ki, bir qram Bakı nefti düşmən əlinə keçməsin.

 1942-ci ilin payızında Bakıda artıq 764 buruq minalanaraq partlayışa hazır vəziyyətə gətirilmiş, 81 komplekt qazma alətləri işçi personalları ilə birlikdə Türkmənistana göndərilmişdir. Buna baxmayaraq, Bakı köhnə buruqlardan istifadə edərək, cəbhəni neftlə təmin edirdi.

 1942-ci ilin iyulunda düşmən Bakıdan Qroznı və Rostov vasitəsilə cəbhəyə göndərilən neftin bütün yollarını kəsmişdi. Bu heç də fədakar Azərbaycan neftçilərinə mane olmadı, Azərbaycan neftçiləri neft məhsullarını cəbhəyə dəniz vasitəsilə Orta Asiya ilə göndərməyə başladılar. Bu yeni marşrut  Xəzər- Krasnovodsk idi.

 Böyük Vətən Müharibəsində azərbaycanlıların hər beş nəfərdən biri əlində silah vuruşurdu. Həmin vaxtlar (1941) Azərbaycanın əhalisi 3,4 milyon idi, onların 681 mini cəbhəyə yollanmış (11 mini qadın), 350 mini Hitler qəsbkarları üzərində qələbə naminə döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

 AzEns.AZ