AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

İlk dəniz neft platforması – “Neft daşları”

 XX əsrin 40-cı illərinin sonunda Azərbaycanın Xəzər sahillərinin 100 km şərqində analoqu olmayan bir layihənin realizəsinə başlandı.

Birbaşa dəniz ortasında, estakadalar üzərində bir neçə illər ərzində neçə-neçə çox mərtəbəli binaları, poliklinikası, yeməkxanası, çörək zavodu, limonad sexi, kino-teatrı və ikitərəfli avtomobil yolu olan möhtəşəm bir şəhərcik salınmışdır. Bu  hələ indiyədək dünyanın heç bir yerində analoqu olmayan  neftçilər üçün salınmış “Neft daşları” şəhərciyi idi.

 Neftin (qara qızıl) primitiv, çox sadə bir üsulla əldə edilməsinə Azərbaycanda hələ orta əsrlərdən başlanılmışdır. Bu sənayenin mərkəzi Abşeron yarımadası hesab edilirdi ki, buranın da ən böyük şəhəri, paytaxtı Bakı olmuş və indi də olmaqdadır. XX əsrin əvvəllərindən başlayaraq isə Bakı Rusiya imperiyasının neft mərkəzinə çevrilmişdi. O dövrlər  bütün Rusiya imperiyasında hasil olunan neftin 90%-ni, bütün dünyada hasil olunan neftin isə yarıdan çoxu Bakıda hasil olunurdu. “Qara qızıl” Bakı sənayeçilərinə, o cümlədən də, Nobel ailəsinə və Rotşildlərə milyonlarla gəlirlər gətirirdi.

 İllər keçdikcə Abşeronda sadə və primitiv üsulla qazılan quyularındakı neft tükənirdi. Belə olan halda, həm sənayeçilər, həm də dövlət yeni-yeni neft quyuları axtarışına başlayırdılar. Neft artıq strateji bir xarakter daşıyırdı. Böyük Vətən Müharibəsi zamanı neftin əvəzsiz bir strateji məhsul olduğu tam aydınlığı ilə sübut olduqdan sonra, müharibə başa çatan kimi neftin tək quruda deyil, dənizdə də axtarılması qərara alındı və dənizdə də neftin axtarışına başlanıldı.

 “Neft daşları” salınan ərazidə dənizin dərinliyi 5-20 metr idi. Bu səbəbdən də “Azneft” rəhbərliyi bu ərazidə, açıq dənizdə qazma işlərinin başladılmasını qərara aldı. Dənizdə qayalıq adaların lazımınca olmadığından, işə başlamaq üçün yarı batmış “Çkanov” gəmisi ilk plazdarm rolunu oynadı və dəniz buruqçularının ilk məskunlaşdıqları yer də elə bu gəminin kayutaları oldu. İşə başlandıqdan bir il sonra 1 km dərinliyində olan ilk dəniz buruğu fantan vurdu. Elə həmin andan “Qara daşlar” – “Neft daşları” adlandırıldı.

 Tezliklə dəniz buruqçuları daha rahat mənzillərdə yerləşdirildilər. Belə ki, onlar üçün 16 ədəd ikimərtəbəli taxta evlər tikildi. Bunlarla bərabər orada 2 elektrik stansiyası, hamam, kitabxana, yeməkxana, tibb məntəqəsi tikilmiş və yaxşı infrastruktur yaradılmışdı.

 1940-cı illərin sonunda “Neft daşları”nda artıq 2000-ə yaxın quyu qazılmışdır ki, bu da o zamanlar sovet dəniz neftinin 60%-ni təşkil edirdi. Əvvəllər oradan neft quruya tankerlərlə daşınırdı. Sonralar, daha dəqiq desək, 1981-ci ildə 78 km-lik sualtı neft borusu inşa edilib, istifadəyə verildi.

 “Neft daşları”nda ən böyük təhlükə Xəzər qasırğaları idi. İlk illər orada hidrotexniki qurğuların hamısı ağacdan olar və buruqların hündürlüyü 6-6,5 olurdu. 1956-cı ildə baş vermiş güclü dəniz qasırğası neçə-neçə insan tələfatına səbəb olmuşdur.

 1990-cı illərin çətinliklərini yaşadıqdan sonra 2000-ci illərdə “Neft daşları” yenidən çiçəklənməyə başladı. Azərbaycan neftinin eksport qiyməti yüksələn zaman neftdən əldə olunan gəlirlə bu şəhərciyin mərkəzi hissəsi yenidən rekonstruksiya olunaraq abadlaşdırıldı, köhnə yataqxanalar modernləşdirildi və yeni binalar inşa olundu. 2000-ci ilin ortalarında “Neft daşları tamamilə rekonstruksiya olunmuş və hətta orada yeni parklar da salınmışdır. Hal-hazırda “Neft daşları” müasir bir görkəmə sahibdir.

 “Neft daşları”nın mövcud olduğu 70 ilə yaxın bir müddətdə burada 160 mln ton neft, 13 mlrd kub metr qaz hasil edilmişdir. Qeoloqların dediyinə görə, hələ 21 milyon tondan da çox hasil olunacaq resurs var.

AzEns.AZ