AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Zeynalabdin Tağıyevin oğlunu kim və necə öldürmüşdür?

1917-ci ildə Oktyabr İnqilabının ilk həftələrində Azərbaycanın cənubunda, Müğan düzündə, İranla sərhəd bölgələrdə burada yerləşdirilmiş ruslar, “Daşnaqsütun” dəstələrindən olan erməni terroristləri və azərbaycanlılar arasında qanlı konflikt yaranmış, aylarla uzanan qırğınlar törədilmişdir.

 Başkəşən dəstələr polkovnik İlyaşeviçin komandanlığı altında olan sərhədçilərdən ibarət idi. Bu 10 min nəfərdən, 20 iri silah, 50 pulemyot, bir neçə bronemaşın və hidroplandan ibarət çox güclü bir qüvvə idi. Bu dəstəyə I Dünya Mühəribəsi zamanı Qafqaz cəbhəsindən qaçmış ruslar və ermənilər yerləşdirilmişdi.

 1918-ci ilin yaz - yayında Bakı kommunası Şaumyanın rəhbərliyi ilə öz hakimiyyətlərinin ərazisini böyütmək üçün Azərbaycanın cənubuna – taxılçılıq ərazisi olan muğana və çox məhsuldar olan talış kəndlərinə doğru irəliləmək məqsədi ilə ilk addımlarını atmağa başlamışdılar. Belə olan halda, dinc müsəlman əhalini qoruyacaq yeganə qüvvə - Tatar (Azərbaycan) Atlı Alayının (əfsanəvi “Vəhşı diviziya”) zabit və əsgərləri idi ki, burada talışlar da qulluq edirdi. Hələ o zamanlar bu “Atlı Alayı”nın əsasında Bakının Milli Müsəlman Komitəsi tərəfindən Azərbaycanın ilk Silahlı Quvvələrinin təməli qoyulurdu. O zamanlar Milli Ordu quruculuğında, Lənkəranda nizam-intizam yaratmağa çalışan, talış xanlarının törəməsi olan general-mayor Xəlil-bəy Talişxanovun da boyük rolu olmuşdur. Həmin dövrlərdə Lənkəran uyezdini cənginə almış hərci-mərcilik və özbaşınalıq zamanı Lənkəran Atlı diviziyasını şəxsən Xəlil-bəy Talışxanov formalaşdırmışdı ki, bu da o dövrlərdə çox ciddi bir qüvvə hesab olunurdu.

 Yaranmış şəraitdən istifadə edən erməni banditləri və “bolşevik inqilabı” təbliğatı ilə “zəhərlənmiş” rus dezertirləri, həmçinin Muğanda məskunlaşdırılmış yerli ruslar (molokan və digər sektantlar) dinc talış əhalisinin, onları qoruyan keçmiş Tatar Alayının (“Vəhşi” diviziya) əsgər və zabitlərinin üzərinə hücumlar çəkir, qətliamlar törədirdilər. Bu cür qanlı qarşıdurmaların birində Məhəmməd Tağıyev adlı bir zabit həlak olur. Bu zabit bilərəkdən erməni banditləri tərəfindən qətlə yetirilmişdir. Erməni banditləri bilirmişlər ki, bu zabit - tanınmış neft sənayeçisi, mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğludur.

 Məhəmmədin dəfni Bakı üçün çox kədərli və yadda qalan bir hadisə idi. Ata Tağıyev oğlunun matəmi üçün heç nəyi əsirgəməmişdi. Bir çoxları üçün Məhəmməd Tağıyev öz vətənini bolşevik və daşnaq qəsbkarlarından qorumaq  yolunda şəhid olan ilk milli qəhrəmandır. Z. Tağıyevə və Azərbaycan əhalisinə baş vermiş bu ağır itki bəs deyilmiş kimi, hələ üstəlik erməni provokatorları bilərəkdən Bakı və ətraf ərazilərdə belə bir şər-böhtan yaymışdılar ki, guya,  Məhəmməd Tağıyev “rus ruletkası” oynayarkən özü-özünü güllələmişdir. Belə şayiələr yaymaqla onlar törəkdikləri qətli öz üzərlərindən atmaq və erməni banditləri tərəfindən güllələnmiş (əslində isə qəhrəmancasına həlak olmuş) zabitin üzərinə qara ləkələr yaxmaq məqsədi güdürdülər. Bununla belə, onlar ata Tağıyevi də xalq arasında gözdən salmaq istəyirdilər.

 Məhəmməd Tağıyevin nəşi dəfn olunmaq üçün Bakıya 27 mart 1918-ci ildə gətirilmişdi. Lənkərandan gələn “Evelina” paroxodunda  dəfn mərasimində iştirak etmək üçün Məhəmmədin cənazəsi ilə bərabər onun 50-dən çox döyüş yoldaşı - əsgər və zabitlər gəlmişdi. Onlar - yeni formalaşdırılmış Milli Müsəlman Komitəsinin Atlı Divizionunun əsgər və zabitləri idi.

 AzEns.Az