AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 Okt

Şota Rustavelinin müəmmalı qəbri

Bu məqaləni qiymətləndir
(0 səs)

 XII əsrdə yaşayıb-yaratmış məşhur gürcü şairi Şota Rustavelinin doğum tarixi hələ də məlum deyildir. 

 Məlum olan odur ki, o, XII əsrdə, indiki Rustavi şəhərində anadan olub. Onun harada dəfn olunduğu, qəbrinin harada olduğu da uzun müddət naməlum qalmışdır. Uzun bir müddətdən sonra təxminlərlə onun qəbrinin harada olduğu müəyyənləşdirilmişdir.

 Bildiyimiz kimi Şota Rustaveli çariça Tamarın hakimiyyəti (təqribi 1165-ci il) dövründə saray şairi olub. Həm də o, çariça Tamarın şəxsi xəzinədarı imiş.

 O, saraya ilk gəlişindən çariçaya bir könüldən, min könülə vurulubmuş. Bəzi şaiyələrə görə, guya çariça Tamara şairin məşuqəsi imiş. Amma bunu təsdiqləyən lazımınca sənədlər olmadığından bu bir şaiyə kimi qəbul olunmuşdur. Bəzi məlumatlara əsasən isə, şair çariçaya olan cavabsız məhəbbətini ömrünün sonunadək qəlbində gizli saxlamışdır.

 Şairin çariçaya sevgisi o qədər böyük olub ki, o, özünün möhtəşəm əsəri olan “Pələng dərisi geymiş pəhləvan” poemasını məhz çariçaya vəsf etmişdir. Poemada olan əsas qadın qəhramanı – çariça Tamarın obrazıdır. Şairin müasirlərinin, saray adamlarının və əsasən də, tədqiqatçıların yazdıqlarına əsasən, demək olar ki, poemadakı əsas qadın qəhrəmanın bütün ali keyfiyyətləri çariçada olan ali keyfiyyətlərin əksidir.

 Çariça ikinci dəfə ərə gedib, ailə quran zaman, şair sarayı birdəfəlik tərk edir. Sonra isə vətəni Gürcüstanı birdəfəlik tərk edib, qərib diyarlara üz tutur. Uzun müddət şairdən xəbər-ətər tutan olmur və xeyli bir müddət keçəndən sonra məlum olur ki, şair Şota Rustaveli Fələstinə yollanmış və oradakı qədim gürcü monastrı olan “Müqəddəs Xaç” monastrında işə düzəlmişdir və elə, həmin monastrda da yaşayır.

 Şairin ölümü çox sirli olmuşdur. Belə ki, günlərin bir günü şairin işlədiyi və yaşadığı monastrın ucqar, qaranlıq, balaca bir otağında  şairin başsız meyidi tapılır. Qatil isə tapılmır, qatilin kimliyi indiyədək naməlum qalmışdır. Şairin harada dəfn olunması haqda isə heç bir yoxdur.

 Sonralar,  əsrlər sonra  bir təsadüf  nəticəsində o zamankı Yerusəlim qəbristanlığında  qoca kişi təsvir olunmuş freska tapılır və belə güman edilir ki, bu freska məhz Şota Rustaveliyə məxsusdur.

 Buradan belə bir nəticə hasil olur ki, Şota Rustaveli  balaca qaranlıq bir otaqda gizli olaraq vəhşicəsinə qətlə yetirildikdən sonra, elə gizli olaraq da dəfn olunmuşdur. Qeyri-rəsmi məlumatlara görə, Şota Rustavelinin Yerusəlimdə dəfn olunduğu və şairin qəbrinin orada olduğu güman edilir.

  AZENS.AZ

Oxu 289 dəfə