AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Azərbaycanın ilk qadın rəhbəri - Yelena Stasova

Yelena Stasova – Rusiya və Beynəlxalq kommunist hərəkatının görkəmli xadimi və peşəkar inqilabçı olmuşdur.

Yelena Stasova 3 (15) oktyabr 1873-cü ildə Sankt-Peterburqda tanınmış vəkil D.V.Stasovun ailəsində dünyaya gəlmişdir. Milliyyətcə rus idi, gimnaziya bitirmişdir. Sonralar V.İ. Leninin gələcək həyat yoldaşı N.K. Krupskaya ilə birlikdə bazar günləri fəhlə məktəblərində dərs demiş və sosial-demokratik təbliğatlar aparmışdır. Yelena Stasova N.K. Krupskayanın vasitəsilə V.İ. Leninə yaxın olan adamlarla tanış olur və 1898-ci ildən Leninin Peterburqda yaratdığı “Fəhlə sinifinin azadlığı uğrunda mübarizə ittifaqı”nda çalışmağa başlayır.

1901-ci ildən Y. Stasova leninçi qəzet “İskra”nın agenti olmuş, Rusiyanın gizli təşkilatlarının mühacirətdə olan Leninlə əlaqəsini yaradır və Peterburqda, Oryolda, Kiyevdə, Smolenskda, Moskvada, Minskdə, Vilnoda (Vilnüs) gizli təbliğatlar aparırdı. 1904-06-cı illərdə Mərkəzi Komitənin, RSDFP-nin Peterburq komitəsinin, RSDFR MK-nin Rus bürosunda Şimal bürosunun katibi olmuşdur. 1905-ci ilin avqustundan 1906-cı ilədək Cenevrədə RSDFP MK-da işləmiş və “Proletariya” qəzətində aktiv fəaliyyət göstərmişdir. 1907-ci ildən 1912-ci ilədək Tiflisdə (Tbilisi) RSDFP MK-nın təbliğatçısı və nümayəndəsi olmuşdur.

Y.Stasova dəfələrlə həbslərə məruz qalır, 1913-16-cı illərdə Yenisey quberniyasında sürgündə olur. Silahlı Oktyabr İnqilabının (25 oktyabr, 1917) hazırlığında və keçirilməsində aktiv iştirak etmiş, RSDF(b)P-nin Petroqradda keçirilən 6-cı qurultayında (23 iyul-3 avqust (8-16 avqust) 1917-ci il) RSDF(b)P MK-nın üzvlüyünə namizəd seçilmişdir.

1918-ci ildə Y. Stasova Petroqrad quberniyasının Fövqəladə komissiyasının və RK(b)P MK Petroqrad bürosunun üzvü olmuşdur. 1920-21-ci illərdə RK(b)P Petroqrad komitəsi təşkilar şöbəsinin müdiri olmuş, Şərq xalqlarının 1-ci qurultayının təşkilində və işində iştirak etmiş (Bakı.Azərbaycan 1920 il), Şərq xalqlarının təbliğat və hərəkat Ali Sovetinin katibi, RK(b)P MK-nin Qafqaz bürosunun üzvü olmuşdur. 1921-ci ildən Kommunist İnternasionalı(Komintern) İcra Komitəsində işləmişdir. 1927-37-ci illərdə İnqilabçılara Kömək Beynəlxalq Təşkilatı İcrayyə Komitəsinin sədr müavini, sonra SSRİ İKBT MK sədri vəzifələrində çalışmışdır. 1935-ci ilin avqustundan 1943-cü ilin 15 mayınadək Kominternin Beynəlmiləl Nəzarət komissiyasının üzvü olmuşdur.

1938-46-cı illərdə Y. Stasova ingilis və fransız dillərində çıxan “Beynəlmiləl ədəbiyyat” jurnalının redaktoru olub. 1946-cı ildən təqaüdə çıxsa da, ictimai - ədəbi fəaliyyətlə məşğul idi. VII-VIII qurultaylarda ÜK(b)P-yə üzv seçilmişdir. XVI qurultayda Mərkəzi Nəzarət komissiyasının üzvü seçilmiş, Umümrusiya Mərkəzi İcrayyə Komitəsinin və SSRİ Mərkəzi İcrayyə komitəsinin üzvü olmuşdur.

SSRİ Ali Soveti rəyasət heyətinin sərəncamı ilə, 1960-cı il martın 7-də Y.Stasova ümumrusiya və beynəlxalq kommunist hərəkatı naminə göstərdiyi əvəzsiz qulluğa görə, Sosialist Əməyi Qəhrəmanı adına layıq görülmüş, “Oraq və Çəkic” qızıl medalı və Lenin Ordeni ilə təltif edilmişdir.

Y.D. Stasova bir çox məqalə və xatirələr müəllifi və V.V.Stasov “Doğmalara məktub” kitabının tərtibatçısı olmuşdur. Moskvada yaşamış, 1966-cı ilin dekabr ayının 31-də vəfat etmişdir. Onun nəşinin külü Moskvanın Qızıl Meydanında Kreml divarında saxlanılır.

 

AzEns.AZ