AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
23 Dek

Müxtəlif ölkələrdə yeni il adətləri

Bu məqaləni qiymətləndir
(0 səs)

Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir.

 Deyirlər ki, yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq. Bolqarıstanda daha bir adət illərdən bəri davam edir. Saat 12 ni vuranda bütün mənzillərdə işıqları söndürürlər. Üç dəqiqə davam edən qaranlıqda hamı bir- birini öpməlidir. 

***

  Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya- oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab- qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. 

***

  Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın nece olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.

***

  Havanada yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər adam axşam saatın zəngləri vurduqda on iki gilə üzüm yeməlidir. Bu o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq. 

***

 İtaliyada il təhvil olanda küçələrdə adamlar çox ehtiyatlı davranmalıdırlar. Çünki italyanlar yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərələrdən küçəyə tullayırlar. 

***

  Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axrında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar. 

***

  Rumıniyada yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir. 

***

  Macarıstanda yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala- çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili "dəfn" eləyib yenisini qarşıladığımız üçün hamı yeyib- içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayyət edirlər ki, yeni ildə ərə gedə bilsinlər. 

  AZENS.AZ

Oxu 14290 dəfə

Şərh verin.

Comments.