AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Elkiyar Ziyadov

Elkiyar Ziyadov

Dünyanın ən reytinqli Universiteti olan Qlazqo Universitetində təhsil almısan, qarşında nə kimi çətinlik olub?

-      Əslində elə də ciddi bir çətinliklə rastlaşmamışam, əksinə mənə daim dostlarım və ailəm dəstək olublar. Qlazqoda ilk vaxtlar yerli sakinlərin nitqlərini başa düşməkdə çətinlik çəkirdim, lakin zamanla buna da alışdım.

Qlazqoda təhsil almazdan əvvəl Azərbaycanda nə ilə məşğul olmusan?

-      Qlazqoda təhsil almazdan əvvəl də Azərbaycanda bakalavr təhsilimi davam etdirirdim. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini bitirmişəm. İş təcrübəm isə Qlazqo Universitetini bitirdikdən sonra başladı.

Azərbaycan üçün nə kimi yeni planların var?

-      Mənim üçün həmişə ən ali məqsəd vətənim və millətim üçün xeyirli işlər görmək olmuşdur. Bunun üçün isə, Azərbaycana qayıdan kimi ilk olaraq Xəzər Universitetində təhsilimi doktorantura pilləsində davam etdirmək qərarı verdim. Bu yolla Azərbaycan üçün daha yararlı ola biləcəyimi düşünürəm.

Qlazqoda təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

-      Qlazqo Universitetində təhsil almaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici təqaüd proqramına qoşulmuşam. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici təqaüd proqramına qoşulmaq üçün tələb olunan sənədlər və şərtlər barədə məlumatı şirkətin internet səhifəsindən öyrənmək mümkündür. Xaricdə təhsil almama Kaspi Təhsil Mərkəzinin də böyük yardımı toxunub, Kaspi TM xaricdə təhsil almaq istəyən gənclər üçün mükəmməl şərait yaradır.

Qlazqoda çox azərbaycanlı təhsil alır?

-      Mən Qlazqo Universitetində təhsil alan zaman orda cəmi 8 azərbaycanlı tələbə tanıyırdıq, amma sonrakı təhsil illərində azərbaycanlıların sayı ilbəil artırdı.

Bakı ilə Qlazqo arasında oxşar və fərqli cəhətlər hansılardır?

-      Hər iki şəhər mənim üçün çox doğmadır. Müqayisəyə gəldikdə, Bakı mənim üçün xatirələrlə doludur, uşaqlığımdır. Qlazqo şəhərinin isə təbiəti çox gözəldir. Bu iki şəhərin ən böyük oxşar cəhəti insanlarının istiqanlı olmasıdır. Çünki, Böyük Britaniyanın digər şəhərlərindən fərqli olaraq bu şəhərin sakinləri mehriban və gülərüzdürlər. Fərqlilikləri arasında isə ən böyük amillərdən biri şəhərdəki sıxlığın səviyyəsidir. Belə ki, Qlazqo Bakıdan fərqli olaraq çox sakit, geniş şəhərdir və demək olar ki. tıxac yox səviyyəsindədir. Bundan əlavə, hər iki şəhərin sakinlərinin yaşayışı, həyat tərzləri və əyləncə anlayışları bir-birindən olduqca fərqlidir.

“İdarəçilik” ixtisası üzrə təhsil almısan, Azərbaycanın idarəetmə sistemi  ilə bağlı nə deyə bilərsən?

-      Azərbaycanda menecment anlayışı və təcrübəsi Böyük Britaniyadan fərqli olaraq çox gəncdir. Menecment Azərbaycanda əsasən müstəqillikdən sonra ön plana gəlməyə başladı. Prinsip olaraq Azərbaycan idarəetmə sistemi formalaşmış sistemdir, lakin müəyyən yeniliklər və təcrübələrlə zənginləşdirilməlidir.

Xaricdə təhsil alan gənclərə nə məsləhət görərdin?

-      Xaricdə təhsil almaq istəyən gənclərə ilk və ən önəmli məsləhətim ixtisas seçimində ehtiyyatlı olmalarıdır. İxtisas seçən zaman müasir dövrün tələbinə uyğun, cəmiyyətin ehtiyacı olan, aktual və daha dar konteksti əhatə edən ixtisaslar seçmək lazımdır. Bununla yanaşı xaricə təhsil almağa gedən azərbaycanlı tələbə həmin ölkədə dövlətini və millətini layiqincə təmsil etməlidir. Vətənə qayıtdıqdan sonra isə öyrəndiyi yenilikləri Azərbaycanda tətbiq etməlidir. Məhz buna görə də mən ən qısa zamanda ali məktəblərin birində akademik faliyyətimi müəllim kimi davam etdirib, öyrəndiklərimi gənclərə çatdırmaq istəyirəm.

AZENS.AZ