AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 Okt

Azərbaycan Kino Musiqiləri - tarixi

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycan kino sənəti demək olar ki, Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

Materialımıza da onun operettası olan “Arşın mal alan”la başlayacağıq. Film 1945-ci ildə Rza Təhmasib tərəfindən lentə alınmışdır,  əslində bu, “Arşın mal alan”ın ilk çəkilişi deyildi.1916-cı ildə ağ-qara bir film çəkilmişdi və səssiz çəkilmiş bu film bir o qədər də uğurlu alınmamışdı. Müharibənin son günlərində, 1945-ci ildə lentə alınmış film isə həqiqətən bir şedevrdir. Üzeyir Hacıbəyovun eyni adlı operretasının motivləri əsasında çəkilmiş bu filmi əlamətdar edən cəhətlər var: Rəşid Behbudov və Leyla Bədirbəyli.

Üzeyir Hacıbəyovun digər bir şah əsəri – “O olmasın, bu olsun”. Bu əsərin motivləri əsasında çəkilmiş və ilk rəngli Azərbaycan filmində Azərbaycan kinosunun əvəzolunmaz ulduzları bir yerə toplanıb. Hüseyn Seyidzadə 1956-cı ildə bu filmi çəkərkən Məşədi İbad roluna Əliağa Ağayevi dəvət etdi. Fakt olaraq qeyd edək ki, Məşədi İbadın əsas ifaçısı Mirzəağa Əliyev olmalı idi. Lakin film çəkilərkən müəyyən səbəblər ucbatından Mirzəağa çəkilə bilməmişdi. Əliağa Ağayev bu rolu mükəmməl ifa etdi və deyilənə görə, onu ilk təbrik edən insan elə Mirzəağa Əliyev idi. Filmdə Əliağa Ağayevin ifa etdiyi parçaları məşhur ifaçı Mirzə Babayev ifa edirdi.

1955-ci il. Tofiq Tağızadə Bakı kinostudiyasında “Görüş”  adlı bədii film çəkməyə başladı. Musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə məxsus olan bir sıra mahnılar arasında “Axşam” Tofiq Quliyevin səhərlər özü üçün zümzümə etdiyi bu mahnı məhz Şövkət xanım Ələkbərova üçün yazılmış həmin o mahnıdır.

1960-cı illər Azərbaycan kinomotoqrafiyasında ən seçilən dövrdür. Bu illərdə lentə alınmış “Şərikli çörək” filmi boyu Vasif Adıgözəlovun musiqiləri film boyu səslənir və filmə Oqtay Ağayevin ifasi ilə “Sən, ey uşaqlıq” adlı mahnı ilə nöqtə qoyur. Kinopovestdə İkinci Dünya Müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır.

70-ci illərin əvvəllərində Arif Babayev tərəfindən lentə alınmış “Gün keçdi” filminin çox hissəsi qədim İçərişəhərdə çəkilib. Film boyu Emin Sabitoğlunun mükəmməl əsərləri səsləndirilir.

1968-ci ildə Azərbaycanfilm kinostudiyasında əvəzolunmaz Arif Babayevin lentə aldığı “Uşaqlığın son gecəsi” filmi demək olar ki, bütöv şəkildə Polad Bülbüloğluna məxsusdur. Filmin bəstəkarı və ifaçısı da elə Polad Bülbüloğludur. Bəstəkar Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə (“Uşaqlığın son gecəsi” filmindəki musiqiyə görə) Xüsusi Diplom verilmişdir.

Azərbaycan kinosunun ən maraqlı ekran əsərlərindən biri Həsən Seyidbəylinin lentə aldığı “Telefonçu qız” bədii filmidir. Filmin musiqisi Tofiq Quliyevə məxsusdur, Mirzə Babayevin ifa etdiyi “Gəlmədi” mahnısı filmin ən məşhur mahnısıdır.  Bu mahnı Azərbaycan kino musiqisi sahəsində ən gözəl sənət əsərlərindən biridir.

AZENS.AZ

Oxu 4895 dəfə

Şərh verin.

Comments.