AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 Mart

Dünyanın nadir Şamaxı Rəsədxanası

Bu məqaləni qiymətləndir
(0 səs)

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) - Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılıb.

Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.

Azərbaycan astronomiya elmi orta əsr Azərbaycan astronomu Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapmışdır. 20 əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlandı. 1927 ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.

ŞAR-ın yaradılması barədə dövlət qərarı 1959-cu ilin sonlarında qəbul edilmişdir.Həmin il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı “Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı imzalandı. Bu qərar əsasında “Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” sənəd qəbul edildi və ŞAR bir institut kimi fəaliyyətə başladı.

ŞAR-ın yerləşdiyi ərazinin coğrafi koordinatları aşağıdakı kimidir: uzunluq – 48o35’04” və enlik – 40o46’20”. Sonuncunun bir sıra Avropa rəsədxanalarının enliyinə nisbətən kiçik olması Cənub göyünün müşahidəsində ŞAR-a müəyyən üstünlüklər verir.

Rəsədxanada ilk teleskop 1957 ildə qurulmuş Xromosfer-Fotosfer Günəş teleskopu olmuşdur. 1959 ildə Rəsədxanada 200 mm-lik fotoelektrik teleskop qurulmuş və onun köməyi ilə ərazinin astroiqlimi öyrənilmişdir. 1962-63 illərdə rəsədxanada yeni bir teleskop-Üfüqi Günəş teleskopu inşa edilmiş və onun vasitəsilə Günəşin spektral müşahidələrinə başlanmışdır.

Rəsədxananın hazırda 152 əməkdaşı var: onların 55-i elmi işçi, o cümlədən 4 nəfər fizika-riyaziyyat elmlər doktoru və 23 nəfəri elmlər namizədi, 8 nəfəri isə mühəndislərdir.

AzEns.az

Oxu 2442 dəfə

Şərh verin.

Comments.