AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
30 Mart

31 martda nələr olub?

Bu məqaləni qiymətləndir
(0 səs)

 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

 Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, ermənilər Bakıda da kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 28-də ermənilərin başladığı soyqırımı aktı üç gün davam edib. Bu üç gün ərzində təkcə Bakıda otuz mindən çox dinc əhali ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

  Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. 

 1918-ci ildə ermənilər Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda və Naxçıvanda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Daşnaklar həmin vaxt Bakıda azərbaycanlı əhalinin 400 milyon manatlıq daş-qaş və əmlakına sahib çıxıb, bir çox ziyarətgahları və tarixi abidələri dağıdıb, yerlə-yeksan ediblər. Təzəpir məscidinə topla atəş açan ermənilər dünya memarlığının incilərindən sayılan «İsmailiyyə» binasını da yandırıblar.

  Ermənilər 1918-ci ilin martında Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər. Şamaxının müsəlmanlar yaşayan hissəsini tamamilə yandıran daşnaklar 13 məhəllə məscidini və məşhur Cümə məscidini yandırıblar. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat təşkil edib.

  Ermənilər Stepan Şaumyanın rəhbərlik etdikləri bolşeviklərin köməyi ilə 1918-ci ilin ilk 5 ayı ərzində Qubada üst-üstə 16 mindən çox insanı məhv ediblər. Qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülüb. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar, bunlardan 35-i hazırda da mövcud deyil.

  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Heydər Əliyevin 27 mart 1998-ci ildə imzaladığı «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.

  AZENS.AZ

Oxu 968 dəfə