AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
18 İyun

"Divlər sarayı" mağarası

Bu məqaləni qiymətləndir
(0 səs)

  Cəbrayıl rayonunun Dağtumas kəndində “ Anbarın gözü” deyilən yerdə bir – biri ilə yanaşı dağlar uzanır.

  Bu dağların arasındakı uzun və geniş dərədən bumbuz, dişgöynədən su axır. Suyun axarı boyunca şimala doğru gedən, sol tərəfdən dağların döşündə sirli bir mağara görünür. Böyükdən kiçiyə hər kəsin “ Divlər sarayı” adlandırdığı mağara, deyilənə görə, dağların altı ilə 7-8 kilometr uzanır. Mağaranın uzandığı istiqamətdə bir quyu var, adına “ Yel quyusu” deyirlər. Quyunun ağzından həmişə buxar çıxır.

  Guya, qədimdən burada div yaşayırmış. Yaxın ətraf yerin camaatına çox əziyyət verdiyindən, müqəddəs Çələbi Baba bu divi ovsunlayıb. Div o vaxtdan kahada qalır. “Yel quyusu”ndan çixan buxar da divin ağzından çıxan nəfəsdir.

  Tədqiqatçı alimlərimiz keçən əsrin 80-cı illərində bu mağaradan diş, sümük qırıntıları və maddi – mədəniyyət qalıqları; qədim əmək alətləri, ov alətləri qırıqları və mis qalıqları tapmışlar. Onların dediklərinə görə, mağara Tunc dövrünə (eramızdan əvvəl VII - əsrə) aiddir.

  1993-cü il avqustun 23-ü Cəbrayıl rayonu  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Həmin tarixdə işğal olunan digər rayonumuz Füzuli idi.  Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub. Bir sıra abidələr dağıdılmış, bəzi məkanlar yandırılmışdır.

  AZENS.AZ

Oxu 461 dəfə