AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
05 Noy

"Yenə o bağ olaydı" şeiri kimə yazılıb?

Bu məqaləni qiymətləndir
(0 səs)
   Yenə o bağ olaydı, yenə yığışaraq siz
   O bağa köçəydiniz.
   Biz də muradımızca fələkdən kam alaydıq,
   Sizə qonşu olaydıq.

 Mikayıl Müşfiqin bəlkə də ən məşhur şeiridir “Yenə o bağ olaydı”. Bu şeir 1936-cı ilin yayında Pirşağıda yazılıb. Mikayılın heç ağlına gəlməzdi ki, bu şeirdən sonra onu həbs və işgəncələr, sonda isə güllələnmə gözləyir.

 Bəlkə də, bir çoxunuz Mikayılın bu şeiri həyat yoldaşı Dilbər xanıma həsr etdiyini düşünür. Şeirin kimə ünvanlandığı uzun müddət sirr qalsa da, yalnız ötən əsrin sonlarında o qızın adı açıqlanıb.

 Bu, Arifə Məmmədxanlı idi - yazıçı Ənvər Məmmədxanlının bacısı.

 Böyük şairin həsrətində olduğu bağ isə Ənvər Məmmədxanlının bağı idi. 

 Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Rəsul Rza yayı bu bağda keçirərdilər.

 Arifə Məmmədxanlı ölüm ayağında ikən özü bunu yazıçı, publisist Rafael Hüseynova etiraf edib. Bundan bir neçə il qabaqsa (1986-cı il) sirrini bacısı Həbibə xanıma açıbmış.

 Arifə xanım “Yenə o bağ olaydı” haqqında bunları deyir: “Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Bax, nə xoş bir təsadüf”. Heç yadımdan çıxmır. Dedi: “Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəm sənə”. Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e... Mənim nəyimi qısqanırdı, bilmirəm. Bu şeirdə, əslində o “Arifəyə” sözü olmasa, sən deyən elə bir şey yoxdu. Nə ad çəkilmişdi, nə bir şey. Amma ehtiyat elədim. Bunu da cırdım”.

 AZENS.AZ

Orucova Jalə

Oxu 1190 dəfə