AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
18 Fev

Qədim dövrlərin saç düzümləri

Bu məqaləni qiymətləndir
(0 səs)

Saç düzümü öz tarixi kökləri ilə çox qədim dövrlərə gedib çıxır, o dövrlərə ki, ilk dəfə ibtidai insanlarda qəbilə üzvlərindən seçilmək üçün özünəməxsus bir formada bəzənmək arzusu yaranmışdır.

İlk insanlar bir çox xarici faktorların təsiri altında bəzənərdilər ki, bu da: qəbilə ənənələri, iqlim şəraiti, dini, inanclar və sairə kimi faktorlarla  bağlı idi.

Arxeoloji qazıntılar zamanı aşkar edilmiş sümükdən hazırlanan ilk saç daraqları 40.000 il əvvələ aid edilir. Paleolit dövrünə aid olan qədim qadın heykəlləri müxtəlif formalı saç düzümündə təsvir olunmuşlar. Bu cür qədim qadın heykəllərindən belə məludur ki, ilk qadın saç bəzəkləri; kəmərlər, qaytanlar, bağlar və əklillər olub. Saçlar hörük formasında hörülər, çətin düzələn saç düzümləri gil və yağla düzəldilərək bərkidilərmiş. Hələ lap qədimlərdən insanlar gecə yatarkən saç düzümləri dağılmasın deyə, başa taxılan xüsusi gil qablardan (gil “papaq”lardan) istifadə edirlərmiş. Belə gil “papaq”ların ilk nümunələri eramızdan əvvəl IV yüzilliyə aid edilir.

İlk sivilizasiya dövründə bərbərlik sənəti yeni bir inkişaf dövrünə qədəm qoyur. Belə ki, Qədim Misirdə “kare” saç kəsimi formasında ilk pariklər meydana gəlir. Həmin dövrlərdə digər: tiftik, kəkil, qulaqdan bir az aşağı formalı pariklərdə meydana gəlmişdir. O zamanlar pariklər çox bahalı materiallardan hazırlandığından ən yüksək təbəqədən olan insanlar bu pariklərdən istifadə edə bilirdilər və saçlarını müxtəlif formalı daraqlarla və ya saç sancaqları ilə bəzəyirdilər. Hələ qədim dövrlərdə misirlilər təbii saç rəngi olan xınadan istifadə edirdilər.

Qədim zamanlarda yalnız qadınlar arasında deyil, kişilər arasında da uzun saç dəbdə idi. O zamankı inanca görə, uzun saç həyat gücü, bir əzəmətlilik əlaməti hesab edilirdi. Məsələn: Mesopotamiyada kişilər saçlarını çiyinlərinədək uzadar və geriya darayarmışlar. Saçlar sancaqlarla bərkidilər və ya lentlərlə bağlanarmış. Hətta o zamanlar düzbucaqlı formada uzun saqqal saxlamaq da dəbdə idi. Saqqalları da hissə-hissə ayıraraq hörər, topa şəklində bir yerə yığar və ya hörüb sıra ilə düzərmişlər.

Bərbər sənətinin ən yüksək həddinə çatmış yer Qədim Yunanıstan hesab edilir. Ən yaraşıqlı və ən cəlbedici saç düzümü formaları burada yaranmışdır. Hələ qədim dövrlərdə Yunanıstanda saç hörmənin və saç burmanın müxtəlif metodları var idi. Bunun üçün “kalamisi” adlı xüsusi dəmir qələmlərdən istifadə edirdilər. Saçları rəngləmək üçün isə ətirli rəng tozlarından (əsasən də, kül və qızılı rənglərdən) istifadə edilirdi və saçlar dəmir halqalar, lentlər, sancaq, muncuqlar və rəngli daşlarla bəzədilirdi.

Qədim Romada açıq rəngli saçlar və pariklər dəbdə olmuş və saç hörmənin və saç burmanın, saç ütüləmənin müxtəlif metodları mövcud olmuşdur. Saçları xüsusi təkərlərlə ütüləyər və diademalarla bəzəyərdilər. Qeyd edək ki, kişilərin qısa saç saxlaması ilk dəfə Romada dəbə düşüb.

Yaraşıqlı saç düzümü qədim dövrlərdə adamların cəmiyyətdə statuslarından asılı idi. Yuxarı sinif nümayəndələrinin saçları və saqqalları böyük diqqətlə, ustalıqla düzəldilirdi. Siravi insanlar sadə uzun saç və qısa saqqal saxlayardılar. Uşaqların isə adətən saçları keçəl olar, öndən qaşların üstünə və arxadan boyuna yalnız bir nazik hörük atardılar. Bununla belə, müxtəlif sivilizasiyalarda saçı keçəl etmək adəti mövcud olub, əsasən də, kahin və qullarda. Məsələn: Mesopotamiyada qulların saçı alından başın ortasınadək, kahinlərin saçı isə, tamamilə keçəl qırxılardı.

 AZENS.AZ

Oxu 2468 dəfə

Şərh verin.

Comments.