AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
25 İyul

Nişan üzüyünün əfsanəvi mənası

Bu məqaləni qiymətləndir
(5 səs)

 Üzük qapalı dairə formasındadır, bu da əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb.

Hər iki mənbədə bir şey üst–üstə düşür ki, nişan üzüyü adsız barmağa taxılır. Bu da ürəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Bu “Üzük dili” XIX əsrin sonlarına qədər davam etmişdir.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Elə indi də şərq ölkələrində nişan üzüyünü sol əldə gəzdirirlər. Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. İlk dəfə o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə “M” hərfi yazdırmışdı.

Dövrümüzdə adsız barmağa taxılan nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var. Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

Qədim Romada insanlar "vena amoris"dən bəhs edirdilər. Bu sözün tərcüməsi "eşq damarı" deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanca əməl edirlər.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük buna aid deyil.

 Adətlərimizə görə nişan mərasimində oğlan və qızın adsız barmaqlarına taxılan üzük onları bir-birinə bağlayır. Nişanlı qız barmağındakı üzüyü çıxarmamalı, ətrafdakılar onun nişanlı olduğunu barmağındakı nişanədən bilməlidir. XIX əsrin əvvəllərində Azərbaycanda qadınlar 5 barmağın hamısına üzük taxardı. Əgər qadın baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram" deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmağa üzüyü nişanlı qızlar taxardı. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı. Adsız barmağın isə ürəklə əlaqəsi olduğunu düşünürdülər. Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da ürəklərini birləşdirdiyinə inanırdılar.

 AZENS.AZ

Oxu 4652 dəfə