AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 Avq

Nə üçün “ürəkciyi” məhz belə çəkirlər?

Bu məqaləni qiymətləndir
(1 Səs)

 Heç fikirləşmisiz ki, “ürəkciyi” bir sevgi simvolu kimi işarə etmək hamı tərəfindən nə üçün birmənalı olaraq qəbul edilmişdir?

 Bizim təsəvvürümüzə görə, “ürəkcik” bütün hislərə cavab verən bir simvoldur. Amma dəqiq bilmirik ki, nə üçün bu cür işarə edilir.

 Maraqlı olan odur ki, bu simvolun tarixi çox qədimlərə gedir və bu simvolun yaşı neçə minilliklərlə ölçülür. İşarə qədim zamanlarda yaranmış, Qədim Misir və Qədim Yunanıstanda daha çox istifadə edilmişdir.

 Bu simvolun yaranması haqqında neçə-neçə versiyalar mövcuddur. Əslində isə “ürəkcik”lərin ən gözəli iki qu quşu bir-birinə yaxınlaşarkən əmələ gələn “ürəkcik”dir. Həm də ona görə bu belə qəbul edilir ki, qu quşuları sadiqlik simvolu hesab edilir. Bu baxımdan bu versiyanı daha doğru hesab etmək olar.

 Digər bir versiyaya görə, iki adam öpüşərkən başlarının yaratdığı fiqur “ürəkcik” formasında olur. Başqa bir versiyaya görə isə, “ürəkcik” formaca sarmaşıq yarpağından götürülmüşdür. Belə ki, sarmaşıq yarpağı qədim ellinlərdə Üzümçülük və Ehtiras İlahəsi olan Dionisin simvolu hesab edilirmiş. Bu simvola daha çox o zamankı keramik əşyaların üzərində rast gəlinir və çoxmənalı bir simvol olmuşdur. Belə ki, sarmaşıq yarpağı (“ürəkcik”) işarəsini qədim dövrlərdə, e.ə. IV əsrdə Efesdə əxlaqsızlıq yuvalarının üzərinə vururdular. Bundan əlavə, “ürəkcik” simvolundan təkcə qədim romalılar və ya qədim yunanlar deyil, həm də buddistlər istifadə edirdilər. Ola bilsin ki, bu simvol buddistlərdə əncir yarpağı ilə əlaqədar olub.

 Başqa bir versiyaya görə, antik dövrlərdə “ürəkcik” simvolu qadın yanlarını ifadə edirmiş. O zamanlar qadın gözəlliyini məhz qadının bu hissəsi təcəssüm etdirirdi.

Başqa bir versiyada deyilir ki, guya, məhz ona görə “ürəkcik” məhəbbət simvolu hesab edilir ki, silfiyanın açılmış qabığı belə bir formada olur. Bu bitkini daha çox Qədim Romada kontrasepsiya vasitəsi kimi istifadə edirlərmiş.

 Avropa mədəniyyətində “ürəkcik” simvolu haqqında ilk məlumatlara XIII əsrdə rast gəlinib. Həmin vaxtlar naməlum müəllifin “Roman de la Poire” (Armud haqqında roman) romanı çıxmışdı və bu romanın əsas qəhrəmanı öz istəklisinə “ürəkcik” şəkli çəkib göndərirdi. Elə həmin vaxtlarda da Danimarka krallığının bayrağında “ürəkciyə” bənzər bir simvol peyda olundu hansı ki, bundan sonra Avropa mədəniyyətində “ürəkcik” simvolu daha çox istifadə olunmağa başladı.

 İstənilən halda indiki “ürəkcik” simvolu ən ülvi, ən gözəl hisləri tərənnüm etdirir.

 

 AZENS.AZ \ Jalə Orucova

 

Oxu 187 dəfə