AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
12 Okt

İstanbulu Fateh Mehmedlə birgə fəth edən azərbaycanlı

Bu məqaləni qiymətləndir
(0 səs)

İstanbulun fəthi  1453-cü il oktyabrın 29- da gerçəkləşdi. Belə ki, 100 minlik Osmanlı ordusu Konstantinopolu mühasirəyə aldı.

Əslən azərbaycanlı olan Məhəmməd ibn Şeyx Həmzə (Ağ Şəmsəddin) 1389-cu ildə, bəzi mənbələrə görə, Şam şəhərində, bəzi tədqiqatçıların fikrincə isə Şamaxı şəhərində doğulmuşdur.Yetmiş il ömür sürən böyük alimin 1459-cu ildə vəfat etdiyi bildirilir. Dümağ saqqalı olduğu, həmişə ağ paltarda gəzdiyi üçün xalq arasında Ağ Şəmsəddin kimi tanınmışdı.

Harada doğulmasından asılı olmayaraq, Ağ Şəmsəddin məşhur sufi alimlərindən olan, həmyerlimiz təbrizli Sührəverdinin nəslindəndir. Məhz bu baxımdan onun güclü ilahiyyat bilicisi, uşaq yaşlarından Quran hafizi və bütün mənəvi-əxlaqi ölçülərə uyğun şəxs olması təsadüfi deyildi. Yaxın Şərqi dolaşdıqdan sonra, nəhayət, Anadoluda məşhur təsəvvüf alimi Hacı Bayram Vəlinin yanına şagird götürülmüşdür.

Hacı Bayram Vəli ilə onun tanışlığı maraqlı olmuşdur. Belə ki, təsəvvüfə olan hədsiz marağı Ağ Şəmsəddini Anadoluya, özünə layiq mürşid axtarmağa gətirir. Ona bir çoxları Hacı Bayram Vəlini məsləhət görürlər. Deyirlər ki, qazandığın bu zahiri elmi məna elmiylə, biliklərini eşq ilə, ağıl vergisini qəlb və könül vergisiylə tamamlamağın gərəkdir. Bunu da tək bacarmazsan. Sənə bir mürşid lazımdır. Qalx və yubanmadan Ankaraya get. Orada Hacı Bayram Vəliyə müraciət et. O səni tamamlasın,kamilləşdirsin.

Ağ Şəmsəddin bu sözlərdən ruhlanaraq Ankaraya yola düşür. Lakin gördüyü mənzərə onun xoşuna gəlmir. Ankarada Ağ Şəmsəddin Hacı Bayram Vəlini öz tələbələrinin nəfsini qırmaq, fəqir-füqəraya əl tutmaq, səfalətdən əziyyət çəkənləri sevindirmək üçün nəzir-niyaz qəbul edən, bazarda pul yığan vəziyyətdə gördükdə bura gəldiyinə peşman olur və daha yaxşı bir mürşid tapmaq üçün Hələb şəhərinə gedir.

Hələbdə olarkən gecə yuxusunda boynuna bir zəncirin taxıldığını, bu zəncirin bir ucunun Hacı Bayram Vəlidə olduğunu və onu Ankaraya dartdığını görür. Yuxudan ayılandan sonra bunun ilahi mənasını anlayaraq, yenidən Hacı Bayram Vəlinin yanına yola düşür. Ankaraya gəlib Hacı Bayram Vəlini tapır. O, müridləri ilə tarlada çalışırdı. Amma Hacı Bayram ona heç bir iltifat göstərmir. Ağ Şəmsəddin də digər tələbələr kimi tarlada çalışmağa başlayır. Nahar vaxtı gələndə Hacı Bayram onun üzünə belə baxmır. Hazırlanan yeməyi tələbələrinə verdikdən sonra artıq qalanını yaxındakı itlərin qabağına tökür. Ağ Şəmsəddin də özü-özünü məzəmmət edərək düşünür: "Sən buna layiqsən". Sonra isə itlərin qabağına atılmış yeməkdən götürüb yeməyə başlayır. Ağ Şəmsəddinin bu hərəkətini görən Hacı Bayram "Mürid, qəlbimizə girdin, yanıma gəl", - deyərək süfrəsində otuzdurur. Və əlavə edir: "Zəncirlə, zorla gələn müsafiri belə sınaqdan keçirərlər". Bundan hədsiz sevinən Ağ Şeyx onun irfan məclislərinə qoşulur. Hacı Bayram Vəlinin bütün sınaqlarından uğurla çıxan Ağ Şəmsəddin qısa müddət ərzində təsəvvüfün bütün sirlərinə yiyələnir.

İstanbulun fəthi

Osmanlı sultanı II Muradın Hacı Bayram Vəliyə xüsusi hörməti var imiş. Fürsət düşdükcə tez-tez onun ziyarətinə gələrmiş. Bir dəfə dörd yaşlı oğlu şahzadə Mehmet ilə onun yanına gəlmişdi. Sultan II Murad söhbət əsnasında Hacı Bayrama Konstantinopolu almaq istəyini, bu şəhəri bir İslam şəhərinə çevirmək istəyini bildirir. Hacı Bayram isə cavabında: "Allah ömrünüzü və dövlətinizi qorusun! Ancaq İstanbulun alındığını nə sən görəcəksən, nə də mən", - deyərək üzünü balaca Mehmetə və Ağ Şəmsəddinə tərəf tutaraq əlavə edir: "Amma bu şahzadə ilə bizim mürid görəcəklər."

Zaman keçir, Hacı Bayramın dediyi bu fikir çin olur. Ağ Şəmsəddinin həyatının ən parlaq günləri Osmanlı sultanı II Murad tərəfindən oğlu II Mehmetin müəllimi vəzifəsinə təyin edilməsindən sonra başlayır. Osmanlı sultanı fateh Mehmetin müəllimi olan Ağ Şəmsəddin, həm də onun ən yaxşı məsləhətçisinə çevrilir. Sultanı Ağ Şəmsəddindən ayrı təsəvvür eləmək olmurdu.

Ağ Şəmsəddin özü, övladları və bütün müridləri ilə İstanbulun fəthində iştirak edir. Şəhərə bir-birinin ardınca edilən hücumlar bir nəticə vermir, əsgərlər, sərkərdələr arasında həyəcan baş qaldırır. Çox adam bu fəthin gerçəkləşməyəcəyi haqqında düşünməyə başlayır. Ulubadlı Həsən Konstantinopol qalasının divarlarına ilk qalxan döyüşçü olur. O, Osmanlı bayrağını qalanın üstünə sancır. Bədəninə qırxdan artıq oxun sancılmasına baxmayaraq, o, bayrağı enməyə qoymur. Və öz ölümü ilə də millətinə xidmət edir. Ordudakı bu mübarizlik ruhunu yaradan Ağ Şəmsəddin idi.

Ağ Şəmsəddin Konstantinopolun hansı gün, hansı tərəfdən hücum etməklə uğur əldə ediləcəyinin də dəqiq vaxtını və müjdəsini verir. Hətta İstanbulun fəthində istifadə edilmiş, dünya hərb tarixində görünməmiş üsulun - gəmilərin üzərinə piy sürtülmüş taxtaların üstü ilə limana salınması ideyasının da Ağ Şəmsəddinə məxsus olduğu bildirilir. İki qitənin qovuşağında, strateji əhəmiyyətli məkanda yerləşən bu qədim şəhər alındı. Bu zəfərdə sultanın payı nə qədər idisə, Ağ Şəmsəddinin də bir o qədər xidməti oldu. Təsadüfi deyildir ki, Ağ Şəmsəddini "İstanbulun mənəvi fatehi" adlandırırlar.

Osmanlı sultanı Fateh Mehmet öz müəlliminin əməyini yüksək dəyərləndirmiş və demişdir: "Zamanımda Ağ Şəmsəddin kimi bir mübarəkin tapılmasından duyduğum sevinc, İstanbulun alınmasından duyduğum sevincdən az deyildir".

Azens.az \ Anar Turan 

Oxu 4570 dəfə

Şərh verin.

Comments.