AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
16 Noy

"Axırıncı aşırım"ın real Kərbəlayisi

Bu məqaləni qiymətləndir
(0 səs)

Çar Rusiyasına arxalanan ermənilərin azərbaycanlılara qarşı ilk soyqırımı 1905-ci ildə həyata keçirilir.

Xalqımız növbəti belə bir soyqırımı aktı ilə 1917-1920-ci illərdə üz-üzə dayandı. Bu səbəbdən də Vedibasar əhalisi 3 il ərzində erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxdı.

Onlardan biri də İrəvan Çuxurunda yerləşən Vedibasar mahalının Çimənkənd kəndindən olan Kərbəlayı İsmayıl idi. 1917-ci ildə vedibasarlılar erməni təcavüzünə qarşı ilk özünümüdafiə dəstələri yaradanda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi.

Vedibasarda sovet hakimiyyəti qurulandan sonra digər vedibasarlılar kimi Kərbəlayı İsmayıl da mühacirətdən doğma vətənə qayıtdı və dinc həyata başladı. Sovet hakimiyyətinin ilk illərində Kərbəlayı İsmayıla toxunulmasa da, 1927-ci ildən sonra ilk təqiblər hiss olunmağa başladı.

Kərbəlayı İsmayıl da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırdı. Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər.

Vedibasarın müdafiəsini əfsanəvi xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi "Mübariz dəstə" həyata keçirsə də, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində Kərbəlayı İsmayıl mühüm rol oynayırdı. Kərbəlayı ilə xalauşaqları - Usuboğlu tayfası arasında qan düşmənçiliyi olduğundan və Mikayıl Usub oğlu "Mübariz dəstə"nin Çimənkənd bölüyünün komandiri təyin edildiyindən İsmayılın oğlanları və qohumları bu bölüyün tərkibində yox, onun başına toplaşaraq müstəqil dəstə şəklində mübarizə aparırdılar.

Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırdı. Kərbəlayı İsmayıl mübarizədə yaşca özündən kiçik olmağına baxmayaraq, dostu, qohumu Abbasqulu bəylə əlbir və məsləhətli şəkildə hərəkət edirdi.

Ermənistanda azərbaycanlılara qarşı milli-etnik təzyiqlər də məhz Abbasqulu bəy, Kərbəlayı İsmayıl kimi Vətən oğullarının fiziki məhvi ilə eyni vaxta düşür. Türkiyədə Kərbəlayı İsmayıla və onunla gələnlərə Ermənistan təhlükəsizlik orqanlarının casusu kimi yanaşıb, onları nəzarətdə saxladılar. Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı.

1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır.

Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim.

Kərbəlayı İsmayılın altı oğlu, bir qızı olub: Əsədulla, Yadulla, Firidun, Cəmaləddin, Hüseyn, Həsən və Zəhra. Yadulla nişanlı ikən qan düşmənçiliyi üstündə qətlə yetirilib. Oğlanları Əsədulla, Firidun, Cəmaləddin, Hüseyn və qardaşı Əli 1937-ci ildə həbs edilərək İrəvanda sorğu-sualsız güllələniblər.

1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub Azərbaycana qayıtdılar və Bərdə, Tərtər rayonlarında məskunlaşdılar.

Oxu 23766 dəfə

Şərh verin.

Comments.