AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
03 Dek

Rokfellerin simiclik üsulları - Dünyanın ən varlı adamının vərdiş və qəribəlikləri

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bir əsr yarımdır ki, ilk dollar milyarderi olmuş və XIX əsrin ortalarından XX əsrin ortalarınadək dünyanın ən varlı adamı hesab edilən Con Rokfellerin adı varlılıq sinoniminə çevrilmişdir.

8 iyulda onun anadan olmasının 177 ili tamam oldu. O, belə bir yüksək imkan sahibi olmasını, özünün işləmək bacarığında, gəlir və çıxarının dəqiq hesablanmasında və hər bir şeydə qənaətcil olmasında görürdü. Deyilənlərə və özünün də etirafına görə, o, hər bir işdə hədsiz dərəcədə qənaətcil olmuşdur.

Con Devison Rokfeller 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində anadan olmuşdur. Onun atası özünü “botanika həkimi” adlandıraraq, mənşəyi məlum olmayan eliksirlər və “ölümsüzlük içkiləri”nin satışı ilə məşğul olurmuş. Conun atasını hamı gəzəyən, avara və fırıldaqçı kimi tanıyırmış. Amma o, oğluna pulla hədsiz dərəcədə düzgün rəftar etməyi öyrətmişdi. Con yazırdı:”Atam alış-veriş edərkən, əksər hallarda mənimlə edərdi. Özünə lazım olan bir çox şeyləri məndən alardı. Bununla da o, mənə necə almağı və necə satmağı öyrədərdi. Atam mənə pulla necə rəftar etməyi, necə alış-veriş etməyi, necə qənaətcil olmağı öyrədə-öyrədə məni milyarderliyə “sürükləyib” gətirdi.”

Con 7 yaşında ikən hind quşuları bəsləyib-böyüdüb satar və pulla qonşuların kartoflarını qazıb çıxarardı. Atasının stabil olmayan qazancı ailə xərclərini ödəyə bilmirdi. Anası isə 6 uşağın hamısına bir az gənaət etməyi öyrətməyə çalışırdı. Con isə qazancını qəpiyinəcən bloknotuna yazar və onu öz daxılında gizlicə yığardı. 13 yaşı olarkən Con tanış bir fermerə illik 7,5%-lə 50 dollar borc verir. Con Rokfeller həmişə fəxrlə deyərmiş:” mən bu prinsip üzrə tərbiyə olunmuşam; işlə və qənaət et.”
Con təhsil aldığı kolleci sona qədər oxumur. Belə hesab edir ki, 3 aylıq mühasibat kursu onun üçün tam yetərlidir. Con 16 yaşında olanda kiçik bir kompaniyanın baş mühasibinə pulla assistentlik edir. Bu onun birinci və sonuncu pulla işlədiyi kompaniya olur. Bundan sonra o, öz şəxsi biznesi ilə məşğul olmağa başlayır. O, şəriki ilə birlikdə “Klark və Roçester” adlı ticarət mərkəzi açır, taxıl, ət, saman və digər malların satışı ilə məşğul olurlar.

Az bir müddət ərzində çoxlu pul əldə edən Con Rokfeller ağ nöyüd əldə etmək üçün neft axtarışı ilə məşğul olmağa başlayır. Beləliklə də, “Standart Oil” kompaniyası qurulmuş olur. Elə həmin bu kompaniya da Con Rokfelleri “qızıla bürüyür”. Conun şəriki olan Moris Klark deyirdi: “Con həyatda iki şeyə inanırdı,- bir baptist dini təliminə, bir də neftə...”

Con varlandıqca digər neft kompaniyalarını da almağa başlayır. 1880-cı ildə Amerikada neft istehsalının 95%-i Rokfellerin əlində idi. O zamanlar onun monopolyasını mövcud olan digərləri arasında “ən böyük, ən dahi və ən ədalətli olmayan” monopoliya adlandırırdılar.

Con kursda təhsil aldığı zaman tanış olduğu dindar bir qızla evlənir. Toylarını çox sadə, təmtəraqsız eləyirlər. Gənc ailə kirə tutduqları sadə bir evdə heç bir qulluqçusuz yaşamağa başlayırlar. Amma həmin vaxt Conun saysız-hesabsız neft buruqları və Amerikanı tam təmin edəcək gücünə malik Neftqayırma Zavodu vardı.

Con Rokfeller uşaqlarını özü tərbiyə olunduğu kimi tərbiyə edirdi. O, ən imkanlı bir milyarder olmasına baxmayaraq, uşaqlarına sərbəst pul qazanmağı tövsiyə edirdi. Onun uşaqları odun yarmaqla, bostanlarda alaq vurmaqla, kimlərəsə musiqi öyrətməklə, hətta karandaş belə yonmaqla özlərinə pul qazanırdılar. Hətta öz qazanclarına qənaət etmək xatirinə, aylarla konfetdən belə imtina edirdilər.

Süfrə arxasında çox oturmağına baxmayaraq, Rokfeller az yeyən adam idi və nə spirtli içki içir, nə də siqaret çəkirdi. Yemək zamanı (əsasən də səhər yeməyi zamanı) gecikən cərimələnər və ya cəzalandırılardı. Belə ki, süfrə yığışdırılanadək, yeməyə gəlib çatmayanlara yenidən süfrə açılmazdı. Rokfeller əyin-başına çox da elə diqqət yetirməzdi. Kostyumunu çox gec-gec dəyişərdi. Teatra, kluba getməzdi. Ən çox sevdiyi yemək süd-çörək idi. Onun arvadı da elə özü xasiyyətli idi. O da donunu çox gec-gec dəyişərdi. Bir dəfə Con uşaqların hər biri üçün ayrıca bir velosiped almaq istəyir. Arvadı qoymur və deyir: “bir ədəd velosiped al, ondan hamısı istifadə eləsin. Belə olsa, öz aralarında bölüşə bilməyi də öyrəşər və buna adət edərlər.”

Rokfeller uşaqlıqdan 100 min dollar qazanmaq və 100 il yaşamaq arzu edirmiş. Birinci arzusu tezliklə həyata keçir. Tək “Standart Oil” kompaniyası hər il ona 3 milyon dollar gəlir gətirir. Bundan başqa onun 16 dəmiryolu və 6 poladəritmə kompaniyaları, daşınmaz əmlakların satışı ilə məşğul olan 9 firma, 6 gəmiçilik kompaniyası, 9 bankı və 3 portağal meşəsi var idi.

Hər bir şeydə hədsiz qənaətcil olmasına baxmayaraq, Rokfeller xeyriyyəçiliyə külli miqdarda pul xərcləmişdir. Belə ki, o, tibbi tədqiqata təmənnasız pul ayırmış, muzey və universitetlərə sponsorluq etmiş, kilsələr üçün pullar ayırmışdır. Rokfellerin 2-ci arzusu da demək olar ki, həyata keçib, o, 97 il yaşamışdır.

Rokfeller geyiminə diqqət yetirməsə də, öz sağlamlığına çox diqqət yetirər və həkimlərin qoyduğu pəhrizlərə ciddi yanaşardı.

 

AZENS.AZ / Jalə Orucova 

 

Oxu 6113 dəfə

Şərh verin.

Comments.