AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 Yan

Azərbaycanın ilk tarzən qadını - Hökümə Nəcəfova

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün sizə Azərbaycanın ilk qadın tarzəni və bəstəkarı olan Hökümə Nəcəfovadan danışacağıq.

Hökümə Yusif qızı Nəcəfova 19 noyabr 1915-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.  Hələ uşaq yaşlarında Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alan H.Nəcəfovanı   Üzeyir bəy Hacıbəyovla tanışlıq Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar  bölmələrində  təhsil alan  Hökumə  Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız  qıza guya "dövlətin əli" ilə  təqaüd də verirmiş.  Üzeyir bəy rəhmətə gedən günə qədər onlar bu təqaüdünün onun tərəfindən verildiyini bilməyiblər.

Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi.

Hökumə Nəcəfovanın bir çox məşhur mahnıları - "Kaş ki, gözəl olmayaydım", "Həliməcan", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və s. günü bu gün də rəğbətlə qarşılanır. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız - Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi.

Fortepiano üçün "Yarım gəldi" (1945), "Arzu" (1946), fortepiano ilə oxumaq üçün "Uşaq mahnıları" (1967), "Mahnılar" (1968, 1975) və "Ana yurdum" (1986) adlı mahnı və romanslar not kitablarının müəllifidir.

Gözəl bəstələr və ifalar müəllifi Hökumə Nəcəfova 2002-ci ildə 91 yaşında vəfat edib. O, müğənni Brilliant Dadaşovanın atasının və aktyor Məlik Dadaşovun xalası idi.

AZENS.AZ

Oxu 7469 dəfə

Şərh verin.

Comments.