AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
19 Mart

Azərbaycanın ilk qadın pilotu

Bu məqaləni qiymətləndir
(0 səs)

Leyla Məmmədbəyova Azərbaycanın, Qafqazın, həmçinin, bütün Cənubi Avropa və Yaxın Şərqin  ilk qadın təyyarəçisidir.

Leyla Məmmədbəyova 9 sentyabr 1909-cu ildə anadan olmuş, əslən Qubadan olan Leyla xanım ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar.

Əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alır. İlk uçuşunu isə 1931-ci ildə yerinə yetirir.

1932-ci ildə L. Məmmədbəyova  təhsilini  davam etdirmək üçün aeroklubun rəhbərliyi tərəfindən  xüsusi göstərişlə  Moskvaya Mərkəzi Aviasiya məktəbinə ezam edilmiş və 1932-ci ildə həmin məktəbi təlimatçı-təyyarəçi ixtisası üzrə bitirmişdir. Təhsilini Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü adını qazanır.

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.

L. Məmmədbəyova  1933-1941-ci  illərdə Bakı aeroklubunda təlimatçı-təyyarəçi, 1941-42-ci illərdə təyyarəçilər klubunun rəisi, 1942-47-ci illərdə planer-paraşütçü klubunun rəisi, 1947-49-cu illərdə Bakı aeroklubunda dəstə komandiri vəzifələrində çalışmışdır. 1941-ci ildə ona aviasiya mayoru rütbəsi verilmişdir.

Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri  və ictimai fəaliyyətinə görə, 1936-cı ildə SSRİ K/b/P MK-nin fərmanı ilə “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”,  1946-cı ildə “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuş, çalışdığı idarənin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışdır.

Böyük Vətən müharibəsi illərində onun rəhbərlik etdiyi klubun 4000-ə yaxın paraşütçü-desant, yüzlərlə təyyarəçi məzunu olmuşdur. Səhhəti  ilə əlaqədar olaraq L. Məmmədbəyova  1949-cu ildən etibarən təyyarəçilik fəaliyyətini dayandırmışdır. 1949-53-cü illərdə Azərbaycan SSR Sənaye Nazirliyinin  alkoqolsuz içkilər zavodunun direktoru, 1954-cü ildən 1961-ci ilədək OADKYC-nin (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) Bakı şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. 1961-ci ildə təqaüdə çıxmışdır.

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

AzEns.az

Oxu 3560 dəfə

Şərh verin.

Comments.