AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
29 Mart

Ağqoyunlu hökmdarı Uzun Həsən

Bu məqaləni qiymətləndir
(0 səs)

Əsl adı Həsən bəy Bayandur olan Uzun Həsən 1423-cü ildə anadan olub. Uca boylu olduğuna görə, ona "Uzun Həsən" ləqəbi verilib. Qara Yuluq Osman Bəyin nəvəsidir.

Trabzon imperatoru IV İoanın qızı Dəspinə xatunla evlənib və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu olub.

Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa ölkələrlə diplomatik münasibətlər qurub.

Ağqoyunlu sarayında səfir olan Venesiya diplomatı Ambrozio Kontarini yol qeydlərində Uzun Həsənin şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişi olduğunu yazır.

Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirərək, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurub. 1467-ci ildə Muş düzündə Cahanşahı məğlubiyyətə uğradaraq Qaraqoyunlu dövlətini süquta yetirib, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib. Bundan sonra paytaxtı Təbriz şəhəri olan böyük Ağqoyunlu dövləti qurub.

Uzun Həsən ilk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün bir sıra islahatlar aparıb və "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşan qanunnamə qəbul edib. Onun dövründə vergilərin yığılması qanuniləşib və sistematik  şəkil alıb. Sənətkarlıq və ticarət inkişaf edib, xəzinə dolub və Azərbaycanda mərkəzləşdirilmiş dövlət yaranıb.

Uzun Həsən ordunu təkmilləşdirmək məqsədi ilə Avropadan hərbi mütəxəssislər dəvət edib. Odlu silah, o cümlədən top istehsalına başlanılıb, topçu kadrlar hazırlanmasının əsası qoyulub. Onun dövründə Təbrizdə örtülü Qeysəriyyə bazarı, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikilib. Sarayda alimlər məclisi təşkil olunub, zəngin kitabxana yaradılıb.

Osmanlı İmperiyasına qarşı yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsinə çalışan Uzun Həsən Sultan II Mehmetə qarşı bir neçə döyüş aparıb. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında Uzun Həsənin anası Sara Xatunun da həlledici rol oynayıb.

Uzun Həsən 1478-ci il yanvarın 5-də vəfat edib və özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn olunub. Onun vəfatından təxminən 20 il sonra Ağqoyunlu dövləti iki yerə parçalanıb, 1501-ci ildə isə Şah İsmayıl bu dövlətin mövcudluğuna son qoymuşdur.

AzEns.AZ

Oxu 5670 dəfə

Şərh verin.

Comments.