AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
30 Apr

Baron Münhauzenin əsl tarixçəsi

Bu məqaləni qiymətləndir
(0 səs)

“Yalançılar kralı” hesab edilən bu nağıl qəhrəmanı həqiqətdə olub və onun Rusiya ilə birbaşa əlaqəsi olmuşdur.

Baron Münhauzen Hannover yaxınlığında Vezer vadisində yerləşən Bodenverder şəhərinin yetirməsi olmuşdur. Doğrudur, baron nəslinə məxsus olan qəsr şəhərdən bir az aralıda yerləşsə də, yerli əhali onu öz yerlisi hesab edərək, həmişə onunla fəxr etmişdir. Baron Münhauzen 1720-ci ildə Braunşveyq hersoqluğuna daxil olan həmin o qəsrdə dünyaya göz açmışdır.

1737-ci ildə hersoq Anton Ulrix Braunşveyqski öz elçiləri ilə Çariça Anna İvanovnanın yaxın qohumu şahzadə Anna ilə evlənməyə gəlir. Anna İvanovna onları ər-arvad elan edir. Bu elçilərin içərisində yeniyetmə Münhauzen də vardı. Elə həmin andan çariça Yaroslav atlı alayını “Braunşveyqski alayı” adlandırır və həmin alaya ordu üçün yararlı olan bütün yaddellilərin cəlb olunmasını qərarlaşdırır. Bu alaya ilk üzv yazılanlardan biri, hətta, elə birincisi Münhauzen olur. O, bu alayda qulluq edərək, potmister rütbəsinə kimi yüksəlir. O bir çox tarixi döyüşlərdə - Oçaqovun mühasirəsi və həmləsində, isveçlilərlə döyüşdə iştirak etmişdir.

1744-cü ilin fevralında kirşə qoşulmuş atlı qatarında Riqadan keçərək, Anqalt – Çerbstskayanı, III Pyotrun arvadını, gələcəkdə imperatriça olacaq II Yekaterinanı Sankt-Peterburqa aparırlarmış. Həmin vaxt Münhauzenin qulluq etdiyi alay Riqada dislokasiya olunduğundan gələcək imperatriça oradan keçərkən, Fəxri Qaravula Münhauzen başçılıq edirmiş. Bundan başqa, bu yaxınlarda Leyspiq kitabxanasında, yaş və rütbə fərqinə baxmayaraq, Münhauzenin feldmarşal Minixlə yazışmasını təsdiqləyən məktublar tapılmışdır.

Münhauzen mütləq vətəninə getməli idi, onu vətənində miras bölgüsü ilə bağlı böyük çətinliklər gözləyirdi. 1750-ci ildə icazə alaraq, şəxsi vərəsəlik məsəllərini həll etmək üçün Hannoverə gələn Münhauzen bir daha geriyə Rusiyaya qayıtmır. Rusiyanın xarici siyasət arxivində 1755-ci il 8 sentyabr tarixli bir yaddaş məktubu saxlanılmışdır. Bu məktub Münhauzen tərəfindən Əlahəzrət İmperatora və Hərbi Kollegiyaya ünvanlanmışdır və bu məktubda o, istefaya göndərilməsini xahiş edirdi.
 Baron Münhauzen heç vaxt özü haqqında heç vaxt yazmazdı. Çünki o, heç vaxt yazıçılıq həvəsində, arzusunda olmamışdır. Amma kitab oxumaq və kitab yığmaq həvəsi çox böyük idi. Onun indiyə qədər qalan böyük bir şəxsi kitabxanası var.

1786-cı ildə Londonda ingilis dilində gözlənilmədən “Şən adamlar üçün yolgöstərən” adlı kitab nəşr olundu. Həm də anonim olaraq. Amma indi tam dəqiqliyi ilə məlumdur ki, bu əsərin müəllifi professor Rudolf Erik Raspe olmuşdur. O zamanlar əsər çoxsaylı oxucu marağına səbəb olduğundan bir neçə dəfə nəşr olundu. Raspe yazdığı bu əsərdə, sadəcə yalançı, özünüöyən və özündənrazı adamları bir gülüş hədəfinə çevirmişdi. Amma müəllifin heç ağlına da gəlməzdi ki, bu əsər çoxmilyonlu oxucu marağına səbəb olmaqla yanaşı, dünyaya səs salacaq.

Bu əsərə əlavələr etməklə, bu kitabın digər bir müəllifi də olmuşdur ki, bu da – Karl İmmermandır. Almaniyada müxtəlif nəşriyyatlar tərəfindən fərqli illərdə çap olunmuş “Baron Münhauzenin sərgüzəştləri” adlı çoxsaylı kitablar və ədəbiyyatşünaslıq işləri vardır. Bu əsər xoş əhval-ruhiyyə yaratdığına görə, əsasən də, pislik və qəddarlıq aşılamadığına görə oxucular tərəfindən çox sevildi.

Əsər 1791-ci ildən Rusiyada böyük uğur qazanmışdır, tərcüməçilər əsərə baronun Rusiya ilə bağlı satirik əhvalatlarını da daxil etmişlər. Sonralar bu satirik əhvalatlar tək XVIII əsr Rusiyasina deyil, XIX əsr Rusiyasına da aid edilirdi. Rusiyada bu satirik əsərin sonuncu ən yaxşı tərcüməçisi Korney İvanoviç Çukovski olmuş, onun tərcüməsinin tirajı 1 milyona yaxın olmuşdur.

AzEns.AZ 

Oxu 3546 dəfə

Şərh verin.

Comments.