AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
20 Sent

Gülə-gülə ölən Əliağa Ağayev

Bu məqaləni qiymətləndir
(0 səs)

 Azərbaycan komediya tarixinin unudulmaz siması olan Əliağa Ağayev 1913-cü il 22 mart tarixində Bakıda doğulmuşdur.

 1930-cu ildə yeddinci sinifi bitirərək Paris Kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Atasını çox tez itirən Əliağa iki il sonra zavodun özündə gəmi çilingəri işləməyə başlayıb. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb.

 İlk rolu M. F. Axundovun “Hacı Qara” əsəri (Hacı Qara rolu) olan sənətkar teatra 30-cu illərdə gəlmişdi, 25 il Gənc Tamaşaçılar Teatrında işləmişdi. Sənətdə olduğu müddətdə onlarla tamaşa və filmlərə rəng qatmışdır. Əliağa Ağağayevin ilk çəkildiyi kinofilm 1955-ci ildə T.Tağızadə tərəfində lentə alınmış “Görüş” filmidir. Əliağa rolun öhdəsindən məharətlə gəlib, daha sonra 1956-cı ildə “O olmasın, bu olsun” filminə dəvət alır. Zövq oxşayan rolları ilə sevilən sənətkar 1961-ci ildə Akademik Milli Teatrın kollektivinə qəbul edilir. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.

 İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Vilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi... sevgi...", Emil Braginski və Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) ... rollarında çıxış edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi), "İstintaq davam edir" (Kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.

 Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkarın son rolu “Evlənmək istəyirəm” filmində (1983-cü il) olmuşdur. Hər zaman deyib gülən Əliağa Ağayev 3 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb.

 AZENS.AZ

 Orucova Jalə

Oxu 518 dəfə