AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
27 Okt

Uğursuz qastrol - Səyavuş Şəfiyev

Bu məqaləni qiymətləndir
(0 səs)

 “Əhməd haradadır?” – bu kinonun əsas və sevilən obrazlarından biri Əhməddir.

 Bu rolun ifaçısı əslində sirk ustası olan Səyavuş Şəfiyev idi. Səyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə Bakı şəhərində doğulmuşdur. Ailənin tək oğlu olduğuna görə, bütün ümidlər onun üzərinə yönəlmişdi. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olmuşdur. Tətil zamanı Moskvaya gedən Səyavuş qəflətən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə çalışdıqdan sonra tezliklə öz işinin peşəkarına çevrilir. 

 1972-ci ildə Səyavuş Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. Burda bir neçə il işlədikdən sonra yenidən Moskvaya çağırılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissoru təyin edilir.

 Sirk həyatı ona uğur gətirir, istedadı və gözəl görünüşü Adil İsgəndərovun gözündən yayınmır. 1963-cü ildə Səyavuşu “Əhməd hardadır?” filmində baş rola (Əhməd roluna) dəvət edir. Bu aktyorun ilk rolu idi. Tezliklə o, tamaşaçıların, əsasən də, gənc xanımların kumirinə çevrilir.

 1968-ci ildə Arif Babayevin rejissorluğu ilə “Uşaqlığın Son Gecəsi” filminə dəvət olunur. Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən bu filmdə prorab Rüstəm obrazını yaradır. “Uşaqlığın Son Gecəsi”nə Gənclik üçün ən yaxşı filmə görə Mükafat verilmişdir.

 Daha sonra Səyavuş rejissor Eldar Quliyevin “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradır. 1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi insultdan sonra aktyor sənəti tərk edir, bir daha səhnəyə və incəsənətə qayıtmır. Səyavuş Şəfiyev SSRİ  Kinomateqorafçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi adını almışdır.

 Aktyor “O qızı tapın”, “Nizami”, “Nəsimi” və s. filmlərdə epizodik rolları canlandırmışdır.

 24 noyabr 2001-ci ildə Moskvada həyata gözlərini əbədi yumdu.

 AZENS.AZ

Oxu 712 dəfə