AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
03 Noy

Monqolların qərb yürüşləri

Bu məqaləni qiymətləndir
(1 Səs)

 «Monqol Dünya Müharibəsi» (1207-1293) və onun tərkib hissəsi kimi monqolların Qərb yürüşləri (1220-1260) dünya siyasi xəritəsində önəmli dəyişikliklər etdi.

 Monqol işğalları Asiyada Hindistan, Filippin, Ərəbistan, Yava adası istisna olmaqla kök saldı, Şərqi Avropa bütünlüklə, Mərkəzi Avropa isə qismən «Asiya cəngavərlərinin» əlinə keçdi. Bu zamanlar dünyanın bilinən 64 milyon km torpaqlarından 44 milyon km monqol idarəsi altında idi.

 Köçəri monqol-türk tayfalarının birləşdirilməsi, mərkəzləşdirilmiş dövlətin yaranması, ölkədə qanun-qayda yaradılması və monqolları dünyanın işğalına aparan yollara çıxarılması birbaşa Çingiz xanla bağlı olmuşdur. Çingiz xanı tarixin möhtəşəm hərbi bilicisi və rəhbəri adlandırırlar. Onunla müqayisədə Makedoniyalı İsgəndər və Sezar azdəyərlidir. Bundan əlavə son illərdə Qərbdə aparılmış araşdırmalardan sonra Çingiz xan II - minilliyin 1-li adamı seçilmişdir.

 Çingiz xanın ilkin fəaliyyəti Monqolustanın birləşdirilməsi oldu. Bu birləşdirmə tayfalararası çəkişmələrə son qoydu, lakin bu vəziyyət yalnız bir şərtlə qorunub saxlana bilərdi ki, feodal hərbi-köçəri əyanları mövcud şəraiti müharibələrin kəsilməsində deyil, onun daha da genişlənməsində, davam etdirilməsində maraqlı olsunlar.

 İlkin olaraq ilk beşillik dövründə (1206-1211) işğallar məhdud xarakter daşıyırdı: 1207-ci ildə xanın böyük oğlu Cuçi Sibirə yürüş edərək «meşə tayfaları»nı və yenisey qırğızlarını tabe etdi. 1208-ci ildə Subedey-batur, Çingiz xanın ən görkəmli sərkərdələrindən biri, İrtış çayı sahilində merkitləri və naymanları məğlub etdi. 1211-1215-ci illər ərzində isə Şimali Çin işğal olundu.

 Qərb istiqamətində ilk önəmli hərbi əməliyyatlar 1219-cu ildən Mərkəzi Asiya istiqamətində aparıldı. Monqolların bu yürüşü nəticəsində Xarəzmşahlar dövləti süqut etdi, İran, Qafqaz , Cənubi Rusiya və s. ölkələr talan edildi.

 Avropaya yürüş Çingiz xanın nəvəsi Cuçinin oğlu - Batuya həvalə edildi. O, Ali baş komandan təyin edildi. 1236-1242-ci illər ərzində türk-monqol ordusu demək olar ki, bütün Şərqi Avropanı və qismən də Mərkəzi Avropanı ələ keçirdilər. Yalnız Böyük xan Ugedeyin ölüm xəbəri monqolları Qərbi Avropaya hazırladığı yürüşdən əl çəkdirdi. Monqol ordusunun hissələri Vyana, Adriatik dənizi sahilləri və Mərkəzi Avropanın digər bölgələrinə yaxın cəmləşməsi, eləcə də, bütün Avropanın istila edilməsi heç bir güclü maneəyə rast gəlməməsinə baxmayaraq Batu xan yeni monqol xanının seçilməsi üçün qurultayda iştirakının vacibliyini saydı. Lakin bununla monqolların Qərb istiqamətində yürüşləri bitmədi. Qaraqorum qurultayından 18 il sonra Munke xanın təşkil etdiyi qurultay Qərb istiqamətində istila olunmamış ölkələri – Müsəlman Şərqini, Bağdadı yeni hədəf seçdi. Hülakü xanın başçılıq etdiyi monqol ordusu 1258-ci ildə Abbasilər xilafətinin varlığına son qoydu. Avropa yürüşünün nəticəsində olduğu kimi bu yürüşün sonunda da yeni monqol dövlətinin əsası qoyuldu. Bu yürüş monqolların Qərb istiqamətində təşkil etdiyi sonuncu yürüş oldu.

 Monqol imperatorluğunun böyük əraziləri əhatə etməsi və burada gedən proseslər tarixin növbəti mərhələsində önəmli dəyişiklik oldu. Bu imperiya bir çox xalqlar və tayfaları birləşdirdi. Onların ictimai-iqtisadi və mədəni inkişafı kəskin surətdə fərqli idi. Başqa dillərə, xüsusi mədəniyyətə malik olan bu xalqlar Monqol imperiyasının tərkibinə zorla daxil edilmişlər. Bu süni birləşmə möhkəm qala bilməzdi.

 İlk məğlubiyyətlərdən sonra Monqol imperiyası dağılmağa başladı. Monqollar üzərində ilk böyük qələbə məhz elə Qərb yürüşləri dövründə Misir məmlükləri qazanmışdılar (1260-cı ildə Ayn əl-Cəlut). Ümumi monqol birliyi bu zamandan başlayaraq dağılmağa başladı.

 Monqol yürüşləri vahiməli izlər saxlamışdır: dağılmış şəhərlər, viran edilmiş istehsal təsərrüfatı, öldürülmüş dinc sakinlər, qula çevrilmiş uşaq və qadınlar, mədəniyyət abidələrinin dağıdılması və s. Ağır zərbə almış bu ölkələr uzun müddət ərzində özlərinə gələ bilməmişlər. Lakin monqol dövrü yalnız dağıntılar və siyasi çevrilişlərlə yadda qalmamışdır. Xüsusilə XIX-XX əsrlər tarixçilərinin araşdırmaları göstərmişdir ki, monqol yürüşləri bir çox elmi-mədəniyyət yeniliklərinə yol açmış, Şərqlə Qərb arasında yaxın münasibət yaratmışdı.

 AZENS.AZ

Oxu 14649 dəfə

Şərh verin.

Comments.