Don Kixot əslində kim olub?


 Şübhəsiz ki, Migel de Servantes tərəfindən yazılmış Don Kixot ispan dilli ölkələrdə ən vacib mədəniyyət meyarıdır. İspan ədəbiyyatının qabaqcıl əsərlərindən biri olaraq çox sevilir və əsasən ilk modern roman hesab olunur.


 Baş qəhrəmanı Mərkəzi İspaniyanın La Mança bölgəsindən olan orta yaşlı bir kişidir. Cəngavərlik haqqında kitablardan təsirlənən bu adam bir gün ailəsini heyrətə gətirərək adını Don Kixot olaraq dəyişdirir və dünya səyahətinə getmək qərarı alır. 


 Əsl adı Alonso Kixano olan zadəgan səyahətinə Rosinant adlı qoca və arıq atı ilə başlayır. Don Kixotun hərəkətləri çox zaman əks nəticə verir və ətrafındakıları daim yanlış izah edir. Yaxşılıq etməyə çalışsa da, ətrafındakılara yalnız zərər verir. Romanın birinci hissəsi 1605-ci ildə, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır.


 Don Kixot personajı müxtəlif yaş qruplarına görə faciəli bir qəhrəman, cəsur bir insan kimi müxtəlif cür şərh olunan bir fiqurdur və dövrü üçün böyük bir uğurdur. Bir çox əlamətlərin özündə cəmləşməsi Servantesin qəhrəmanını fantastika sahəsində ən ölməz personajlardan birinə çevirir.


 Bəs Don Kixot adlı şəxs reallıqda olub? Amerikalı yazıçı Folkner müsahibələrinin birində deyir: “Bu, əbədiyaşar, qəmli və komik obrazdır. Don Kixot köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşür. Yardım sevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir. Ümid edirəm ki, bu xüsusiyyət hər zaman insan qəlbində yaşayacaqdır”. 


 Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib. Servantesin qəhrəmanı bədii filmlərdə, heykəltəraşlıq nümunələrində, rəsmlərdə və musiqi əsərlərində öz əksini tapıb. Azərbaycanın dahi bəstəkarı Qara Qarayev 1960-cı ildə “Don Kixot” simfonik qravürünü bəstələyib.


 AzEns.AZ


Tweet 261