Dövlət rəmzləri - Azərbaycan himni


 “Azərbaycan” himni — bu hər bir Azərbaycan vətəndaşının əzbər bildiyi və qürur keçirdiyi dövlət rəmzidir. 

 Şərəfli yol keçən ölkəmizin milli himninin hazırlanması haqqında qərar ilk dəfə 1920-ci il yanvar ayının 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul olunub. Bu məqsədlə müsabiqə elan edən Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafatı "Azərbaycan" qəzetində dəfələrlə elan edib. Lakin, 1920-ci il aprelin 28-də ölkənin Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Demokratik Respublikanın süqutu Azərbaycanın milli himninin qəbul olunmasına əngəl törədir. 


 Bütün bunlara baxmayaraq, ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1992-ci ilin 27 may tarixində parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən "Azərbaycan marşı" ölkənin Dövlət Himni kimi təsdiqini tapır.


 “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir. Meydan Hərəkatı dövründə mitinqlərdə Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertura əvəzinə bu himn səsləndirilirdi. 


 Qeyd edək ki, ötən əsin ikinci onilliyində başqa bir himn də mövcud idi.  Üzeyir Hacıbəyovun ev-muzeyində saxlanan sənədlərdən bəlli olur ki, bu marşın vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət himni olması ehtimalı əsassızdır. Buna səbəb isə melodiyanın minor ladında yazılması və ona təntənəli, eyni zamanda mürəkkəb musiqi dilinin xas olması idi.


 AzEns.AZ


Tweet 221